AZ

İrəvan oyun qaydalarını dəyişir: Ərazi əvəzinə “insan haqları” mövzusu gündəmə gətirilir - MÜSAHİBƏ

BAKI, 13 dekabr. TELEQRAF

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Avropa İttifaqı ilə Ermənistan arasında imzalanan sənəddə keçmiş “Dağlıq Qarabağ”, “qaçqınlar”, “hərbi əsirlər” kimi ifadələr yer alıb. Baş nazir Nikol Paşinyan isə bu “mövzuların” bağlandığını bəyan edib. Faktiki olaraq, rəsmi İrəvanın atdığı addımlar arasında bir paradoks var. Bunu necə izah etmək olar?

- Erməni tərəfi mövqelərinin zəif olması fonunda və xüsusən də Qərbi Azərbaycan mövzusuna qarşı “Qarabağ kartından” istifadə etməyə çalışır. Avropa İttifaqında “hərbi əsirlər” mövzusunu daha çox qabartmaq niyyətləri heç kəsə sirr deyil. Onların Qərbi Azərbaycan məsələsinə qarşı “Qarabağ” mövzusunu qoymaqla qismən balans yaratmaq niyyətləri var. Amma Ermənistan rəsmiləri, o cümlədən Baş nazir Nikol Paşinyan bu iki mövzunun aradan qaldırılmasını təklif edir. Məqsədləri də odur ki, Aİ ilə imzalanan sənəd fonunda Ermənistan konstitusiyasından Azərbaycana qarşı olan ərazi iddiaları mövzusunu gündəmdən çıxartsınlar. Azərbaycan isə hələ də sülh gündəminə sadiq olduğunu bəyan edib. Ermənistan rəhbərliyi isə diasporun və revanşistlərin təsiri altında prosesin uzanmasına çalışır.

- İndiki halda bu “mövzuları” gündəmə qaytarmaqda məqsəd nədir?

- Köhnə “mövzuları” yenidən gündəmə gətirməklə rəsmi İrəvan bir növ gərginlik yaratmaq niyyətini ortaya qoyur. Görünür indiki halda yaranacaq gərgin durum onlara daha çox lazımdır. Bu daha çox Rusiya və Qərbdə olan havadaları üçün atılan addımdır. Onlar da həmin dairələrə bütün məsələlərin həll olunmadığını göstərmək istəyir.

- Bu halda Azərbaycanın yanaşmaları nədən ibarət olacaq?

- Sözsüz ki, rəsmi Bakı bu kimi hallara lazımi səviyyədə cavab verəcək və artıq bu reaksiyalar da var. Qərbi Azərbaycan, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi, tarixi ədalət və digər mövzular Azərbaycanın mövqeyi daxilində daha güclü səslənəcək.

- Avropa İttifaqı ilə Ermənistan arasındakı sənəd həmçinin rəsmi İrəvanın keçmiş “Qarabağ mövzusu” ətrafında “hüquqi” zəmin yaratmaq cəhdi kimi də dəyərləndirilir. Bunun üçün hansı əsaslar var?

- Əslində bu, Ermənistan tərəfindən bir növ gecikmiş bir addımdır. Artıq keçmiş “Dağlıq Qarabağ” mövzusu gündəmdə deyil və beynəlxalq ictimaiyyət də bunu bitmiş məsələ kimi qəbul edib. Hətta bu mövzu ilə bağlı təsis edilmiş ATƏT-in Minsk qrupu da ləğv edilib. Sadəcə olaraq, erməni tərəfi "Qarabağ erməniləri" mövzusunu gündəmdə saxlamağa çalışır. Məsələni ərazi problemi kimi deyil, “insan hüquqları” məsələsi kimi gündəmə gətirmək niyyətindədir.

- Bu məsələdə birtərəfli yanaşmaların əsas götürülməsi ehtimalı varmı?

- Onların mövqeyinin zəifliyi ondan ibarətdir ki, indiki mərhələdə "Qarabağ erməniləri" mövzusu gündəmə gəlsə, digər məsələlər də nəzərə alınmalıdır. Yəni, məsələyə birtərəfli yanaşmaq mümkün olmayacaq. Əgər hansısa qrupun maraqları önə çəkilirsə, keçmiş münaqişədən əziyyət çəkmiş tərəflərin də məsələsi qaldırılmalıdır. Ermənistan bunun tərəfdarı olacağı təqdirdə Azərbaycanın da bu mövzuya cavab verəcək və adekvat addımlar atacaq əsasları çoxdur. Rəsmi Bakının bu məsələdə olan mövqeyi o cümlədən, hərbi gücü prosesləri nəzarətdə saxlamağa imkan verir.

Seçilən
33
teleqraf.com

1Mənbələr