Heydər Əliyevin ilk dəfə Azərbaycana rəhbərlik etdiyi 14 il ərzində apardığı hərtərəfli və əhatəli işlər, onun özünə və ətrafındakı rəhbər işçilərə qarşı olan ciddi tələbkarlığı, yüksək işgüzarlığı sayəsində Azərbaycanın iqtisadiyyatı möhkəmləndi, respublikamız neft-maşınqayırma və kimya sənayesi və bir sıra digər sahələrdə keçmiş ittifaqda öncül sıraya çıxdı, istehsal etdiyi rəqabətqabiliyyətli məhsullar 65 xarici ölkəyə ixrac edilərək beynəlxalq aləmdə tanınmağa başladı. Həmin dövr respublikamızda nəhəng zavodlar və fabriklər istifadəyə verildi, sənayenin inkişafı, xüsusilə kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin tikilməsi geniş vüsət aldı. Azərbaycan qısa müddət ərzində iqtisadiyyatın bütün sahələrində geridə qalmış bir respublikadan ittifaq səviyyəsində öncül yerə yüksəldi.
Ötən əsrin 70-ci illərindən başlanan milli-mədəni dirçəliş, özünüdərk, milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı müstəqil dövlətçilik ideyasının milli azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsinə zəmin yaratdı. Məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi ki, iqtisadiyyatın və milli-mədəni həyatımızın yüksək inkişafını gələcəkdə də davam etdirmək, müasir çağırışlara uyğun idarəetmə qabiliyyətli savadı və bacarığı olan gənc kadrların yetişdirilməsi ön plana çəkildi. Bu məqsədlə hər il yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin ən nüfuzlu universitet və ali məktəblərində təhsil almaq imkanı qazandı. Planlı qaydada həyata keçirilən bu möhtəşəm tədbirlər sayəsində əldə edilən nailiyyətlər sonralar respublikamızın müstəqil dövlət kimi fəaliyyət göstərməsinə möhkəm zəmin yaratdı".