Azərbaycanda fiziki şəxs olan işəgötürənlərin yaratdıqları və işçilərin sayı əlli nəfərdən çox olan iş yerlərində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsinin təsis edilməsi ilə bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər rəsmi olaraq əmək təhlükəsizliyinin gücləndirilməsi məqsədi daşıyır.
Lakin bu təşəbbüsün real nəticə verib-verməyəcəyi sual altındadır. Çünki indiyə qədər qəbul edilən bir çox normativ tələblər praktikada ya formal icra olunub, ya da ümumiyyətlə kağız üzərində qalıb.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli hesab edir ki, problemin kökü yenə də sistemlidir.
Onun sözlərinə görə, dövlət yeni öhdəlik qoymazdan əvvəl bazarın buna hazır olub-olmadığını nəzərə almalıdır:
“Əgər işəgötürəndən əməyin mühafizəsi üzrə mühəndis tələb edirsənsə, paralel olaraq bu mütəxəssislərin hazırlanmasını təmin etməlisən. Hazırda Azərbaycanda bu sahə üzrə kadr bazası çox zəifdir. Nəticədə ya formal təyinatlar olacaq, ya da əlavə xərclər biznesin üzərinə yüklənəcək. Uyğun biliyə malik işçi olmadıqda, yeni vəzifə işəgötürən üçün həm maliyyə, həm də inzibati yük yaradır. Əmək bazarında belə mütəxəssislərin azlığı onların əməkhaqqını yüksəldir. Xüsusilə kiçik və orta sahibkarlar üçün bu əlavə xərclər ciddi problemə çevrilə bilər”.
Akif Nəsirlinin fikrincə, bu halda bəzi işəgötürənlər ya maaşdan yayınmaq üçün formal müqavilələr bağlayacaq, ya da bu funksiyanı nominal şəkildə bir işçiyə həvalə edəcək:
“Bu isə dəyişikliklərin əsas məqsədini – real əmək təhlükəsizliyinin artırılmasını kölgədə qoyur. Çünki əməyin mühafizəsi üzrə mühəndis müstəqil və səlahiyyətli fiqur olmadıqca, o, iş prosesində riskləri dayandırmaq gücünə malik olmayacaq. Praktikada isə bu vəzifə çox vaxt rəhbərliyin təzyiqi altında qalan, hesabat yazmaqla məhdudlaşan formal struktur vahidinə çevrilir”.
Akif Nəsirli vurğulayır ki, əgər dövlət həqiqətən iş yerlərində təhlükəsizliyi artırmaq istəyirsə, yalnız ştat tələbi ilə kifayətlənməməlidir:
“Bu sahədə real nəzarət mexanizmi qurulmalıdır. Əməyin mühafizəsi üzrə mühəndisin rəyi hüquqi baxımdan bağlayıcı olmalıdır.
Əgər onun xəbərdarlığına baxmayaraq qəza baş verirsə, məsuliyyət yalnız işəgötürənin yox, nəzarət sisteminin də üzərinə düşməlidir.
Digər tərəfdən, cərimə və inzibati təzyiq yolu ilə məsələnin həlli də risklidir.
Bu, sahibkarlıq mühitini daha da ağırlaşdıra bilər. Nəticədə işəgötürən təhlükəsizliyi artırmaq yox, yoxlamalardan yayınmaq yolları axtaracaq. Bu isə Azərbaycan üçün tanış ssenaridir”.