Bakupost portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin baş məsləhətçisi Nuruş Həsənli və mərkəzin baş hüquqşünası Elşad Möhnətov vəzifə səlahiyyətlərindən istifadə edərək, müxtəlif şəxslərin adına subsidiyalar rəsmiləşdirərək ayrılan vəsaitləri mənimsəyirlər.
Bu iddia ilə Bakupost.az -a Neftçala rayonundan olan bir qrup fermer müraciət edib.
Şikayətçilərin sözlərinə görə, rayonun Mayak-1 kəndində 220 hektar pay torpağının cəmi 150–200 hektarı əkilir. Qalan sahələr əkilmədiyi halda adı çəkilən şəxslər tərəfindən həmin torpaqlara qanunsuz subsidiyalar yazılır:
“Eyni zamanda Neftçala rayonu Bankə qəsəbəsinin ərazisində də əkilməyən yerlərə subsidiya yazırlar. Bu insanlar eyni əməli 2 il bundan qabaq Xol Qarabucaq kəndində də etmişdilər. Sadəcə, o zaman işin üstünü ört-basdır etdilər".
Şikayətçilər bildirir ki, Nuruş Həsənli və Elşad Möhnətovun qanunsuz əməlləri o həddə çatıb ki, hətta pambıq əkilən ərazilərə arpa subsidiyası rəsmiləşdirərək, dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəyiblər. Məsələn, Mirzə Qurbanlı kəndində onlar yerli fermerərlə sövdələşməyə gedərək, belə bir qanunsuzluğa imza atıblar.
Onların korrupsiya əməllərinin yalnız taxıl əkini sahələri ilə məhdudlaşmadığı da bildirilir:
"Buzovlara yazılan subsidiyalarla da bağlı qanunsuzluqlar var. Onlar sahibkarlarla əlaqəyə girib, hər buzova görə 100 manat alırlar. Subsidiya maxinasiyaları Abasallı, Tatarməhlə və digər kəndlərdə də həyata keçirilir. Nəticədə yüz min manatlarla dövlət vəsaiti mənimsənilir".
Qeyd olunur ki, məsələ ilə bağlı Baş Prokurorluq tərəfindən də araşdırmalar aparılıb və bir sıra qanun pozuntuları aşkarlanıb.
Həmçinin Kənd Təsərrüfatı Nazirliyində Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin baş məsləhətçisi Nuruş Həsənlinin qanunsuz əməllərindən məlumatlıdırlar. Nazirliyin kənd sakinlərinin şikayətinə cavab məktubunda bildirilir ki,N.Həsənlinin vəzifə səlahiyyətlərinin icrası zamanı nöqsanlara yol verdiyi müəyyən edilib və onun barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə sorğu ünvanlamışıq.
Lalə Novruz, BakuPost
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.