AZ

Rusiya Xəzəri yeni müharibə meydanına çevirə bilər...


Azər Həsrət: “Müharibənin Xəzər dənizinin içərilərinə sıçraması, əlbəttə ki, bizim üçün əlavə narahatlıq səbəbidir”

Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin məlumatına görə, Rusiyaya məxsus “Bəstəkar Raxmaninov” və “Askar-Sarıca” gəmiləri Xəzər dənizinin Kalmıkiya Respublikası sahilləri yaxınlığında vurulub.

Digər bir xəbərə görə isə, Ukrayna Xəzər dənizindəki “Lukoil” neft platformasına ən azı dörd dron hücumu həyata keçirib.

Baki-xeber.com “Bloomberg”ə istinadən bildirir ki, hücumlar 20-dən çox neft quyusunda əməliyyatların dayanmasına səbəb olub. Vəziyyətlə tanış olan mənbələr ölüm və ya xəsarət alanların olmadığını bildiriblər.

Sözügedən neft yatağı Rusiyanı ildə təxminən 6 milyon ton neftlə təmin edir ki, bu da ölkənin daxili istehsalının təxminən 8 faizini təşkil edir.

Ukraynanın Rusiyaya məxsus “Bəstəkar Raxmaninov” və “Askar-Sarıca” gəmilərini vurması və Xəzər dənizindəki “Lukoil” neft platformasına dron hücumu həyata keçirməsi baş verib. Açıq görsənir ki, Rusiya Xəzəri yeni müharibə meydanına çevirə bilər.

Xəzərdə baş verənlərin bizə ziyanı nədir?

“Bu durumdan sui-istifadə edən Rusiya özü Azərbaycan sularında təxribat törədə bilər”

Siyasi şərhçi Azər Həsrət baki-xeber.com-a bildirdi ki, əlbəttə, müharibənin bizim sərhədlərimizə doğru irəliləməsi arzuolunmazdır. A.Həsrət qeyd etdi ki, Xəzər dənizi Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan olmaqla beş ölkənin su hövzəsidir. “Təbii ki, əslinə qalanda digər dövlətlər də bizə yaxındır, bizə qardaş dövlətlərdir. Qardaş Qazaxıstan, qardaş Türkmənistan, İran tərəfi - Güney Azərbaycan, Rusiyanın öz ərazisi də yenə də bir türk ərazisidir. Yəni Xəzərin bütün sahilləri faktiki olaraq türk sahilləridir. Belə bir şəraitdə müharibənin Xəzər dənizinin içərilərinə sıçraması, əlbəttə ki, bizim üçün əlavə narahatlıq səbəbidir. Lakin nəzərə almaq lazımdır ki, Ukraynanın Azərbaycanın, Qazaxıstanın, Türkmənistanın ərazilərinə hücum etmək kimi bir niyyəti yoxdur. Yəni Ukrayna Rusiyanı vurur, harda bacarırsa orada vurur, o cümlədən də Xəzər dənizində vurur. Əlbəttə ki, Ukraynanın Rusiyanı vurması onun təbii haqqıdır”.

A.Həsrət qeyd etdi ki, Ukrayna özünümüdafiə tədbirləri çərçivəsində Rusiyanı mümkün ərazilərdə, o cümlədən də Xəzər dənizində vurur və buna da heç kim heç nə deyə bilməz. Amma istənilən halda, müharibənin bizim coğrafiyamıza daha yaxın gəlməsi xoş bir məsələ deyil. “Biz buna görə Ukraynaya etiraz edə bilərikmi? Əlbəttə, yox. Çünki Ukrayna deyəcək ki, mən Rusiya ərazisində əməliyyat keçirirəm. Amma Ukraynanın bu hüququ mütləq şəkildə nəzərə alınmalıdır. Ona görə də, fikir verirsinizsə, belə əməliyyatlar olanda Azərbaycan tərəfi təmkinli yanaşır. Düzdür, bir müddət öncə qardaş Qazaxıstan bənzər bir hücuma görə dəxli və ehtiyac olmadan Ukraynaya etiraz bildirmişdi. Təbiidir ki, Ukrayna da ona uyğun cavabı verdi və “biz sizə hücum etməmişik, Rusiyaya hücum etmişik” dedi. Bu baş verənlər də Rusiyaya hücumdur. Rusiya bu müharibəni başlatmayaydı, bu hücumlara da məruz qalmayaydı. Yəni demək istədiyim odur ki, Azərbaycanın narahat olması üçün ciddi bir səbəb yoxdur. Ola bilər, kimsə deyə bilər ki, müharibə artıq Xəzər dənizindədir, o biz tərəfə sıçraya bilər. Düşünmürəm ki, belə bir şey olacaq. Ukrayna da hər halda coğrafiyanı da yaxşı bilir, dövlətlərin sərhədlərini də yaxşı bilir, o su hövzələrində kəsişmə nöqtələrini də yetərincə yaxşı bilir. Ona görə də düşünmürəm ki, Ukrayna biz tərəfdə nəsə edəcək. Sadəcə, bu durumdan sui-istifadə edən Rusiya özü Azərbaycan sularında təxribat törədə bilər. Buna hazır olmalıyıq. Ciddi şəkildə hazırlaşmalıyıq ki, Rusiyanın belə təxribatı olacağı təqdirdə həm faktlar toplayaq, həm də bu cür təxribatın qarşısını alaq”-deyə A.Həsrət bildirdi.

İradə SARIYEVA

Seçilən
9
baki-xeber.com

1Mənbələr