AZ

MİMTA Fondunun layihəsi əsasında hazırlanan “Qərbi Azərbaycan sənəd və mənbələrdə” elektron kitabının təqdimat mərasimi keçirilib -Fotolar



Dekabrın 13-də “Litera” kitab evində Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, tarixçi, yazar Əfqan Vəliyevin “Qərbi Azərbaycan sənəd və mənbələrdə” elektron kitabının təqdimat mərasimi baş tutub.

Qeyd edək ki, kitab Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin orta qrant müsabiqəsi çərçivəsində Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun “Əzəli yurd” layihəsi əsasında hazırlanıb.

aia.az xəbər verir ki, tədbirdə dövlət qurumlarının rəsmiləri, QHT rəhbərləri, elm və ictimaiyyət nümayəndələri və media iştirakçıları yer alıblar.

Tədbiri giriş sözü ilə açan “MİMTA Yayımları”nın direktoru Əsəd Aslanoğlu əsərin mahiyyətindən və elektron kitabın ərsəyə gəlmə prosesindən, həmçinin tarixi Zəfərimizin əhəmiyyətindən söz açıb.

MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov Əfqan Vəliyevə uğurlar arzu edib, “Əzəli yurd” layihəsinin ərsəyə gəlməsindən bəhs edib: “Bu kitabı təkcə azərbaycanca hazırlamaqla qalmayıb Azərbaycan və ingilis dillərində elektron formatını da hazırladıq ki, dünyanın hər yerində bu dəyərli tədqiqat əlçatan olsun”.

Sonra “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi" İctimai Birliyinin sədri Rauf Zeyni çıxış edib: “Biz birmənalı şəkildə bu cür layihələri alqışlayırıq. Bu araşdırmaların ərsəyə gəlməsi tarixi Zəfərimizdən sonra əldə edilən uğurdur. Bu gün əzəli yurdumuz olan Qərbi Azərbaycana qayıdışa hazırıq”.

Daha sonra “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə kitab barəsində öz fikirlərini bildirib: “Bu bizim tariximizdir. Biz gənclərimizi nəzərdə saxlamalıyıq həmişə. QHT-lər Qərbi Azərbaycan sahəsində müxtəlif layihələr işləyirlər. Ümid edirik ki, belə təşəbbüslər çox olacaq”.

“Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin prezidenti Tofiq Əlizadə çıxışında bildirib: “Azərbaycan xalqı çox qəhrəman xalqdır. Biz təkcə Ermənistandakı bir ovuc düşmənlə yox, dünya erməniləri ilə də, erməni lobbisi ilə də savaşdıq və qalib olduq. Bu gün belə layihələrin həyata keçirilməsinə ancaq sevinə bilərik”.

Tədbir çərçivəsində hüquqşünas tədqiqatçı Səməd Vəkilov, Əməkdar incəsənət xadimi Şəfəq Sultan Əlixanlı və digərləri çıxış edərək MİMTA Fondu və Əfqan Vəliyevə təşəkkürlərini bildiriblər.

Sonda xatirə fotosu çəkilib.

Xatırladaq ki, oxucular “Qərbi Azərbaycan sənəd və mənbələrdə” kitabının elektron versiyasını internet resusrlarından əldə edə bilərlər.



Seçilən
19
aia.az

1Mənbələr