Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə Türkmənistanda baş tutan görüşünün detallarını açıqlayıb.
Modern.az xəbər verir ki, Ərdoğan bu barədə Türkmənistan səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlamasında danışıb.
Putinlə görüşünün təfərrüatları ilə bağlı suala cavab olaraq Prezident Ərdoğan çox məhsuldar, əhatəli və dərin müzakirələr apardıqlarını bildirib.
"Görüşümüz zamanı onun Türkiyəyə istənilən vaxt səfər edə biləcəyini xüsusi olaraq bildirdim. Həmçinin mümkün qədər tez görüşməyin vacibliyini də müzakirə etdik. O dedi: "Vədimə əməl edəcəyəm". Ümid edirəm ki, bu səfəri çox tezliklə edəcək. Rusiya ilə münasibətlərimiz qısamüddətli şəxsi maraq hesablamalarına əsaslanmır. Onlar dərin köklü tarixə, güclü diplomatik təmələ və qarşılıqlı etimada əsaslanır.
Dünənki görüşdə əsasən müharibə və sülh səylərini müzakirə etdik. Bütün aktorlar kimi, cənab Putin də Türkiyənin Ukrayna münaqişislə bağlı mövqeyinin çox yaxşı fərqindədir. Biz hesab edirik ki, bu müharibə çoxdan bitməli idi. Biz bunu bütün həmkarlarımıza açıq şəkildə bildiririk".
Ərdoğan Rusiya-Ukrayna münaqişəsi ilə bağlı fikirlərinə belə davanm edib:
"Bildiyiniz kimi, ABŞ prezidenti Donald Tramp bu məsələdə iştirak edir. Trampın iştirakı ilə yanaşı, biz də Amerikanı təşviq edirik. Xarici işlər nazirimiz Hakan Fidan Amerikadakı müvafiq tərəflərlə daim əlaqə saxlayır. Həmçinin zaman-zaman liderlərlə telefon diplomatiyası aparırıq. Putinlə bu görüşdən sonra ABŞ prezidenti Trampla da sülh planını müzakirə etmək imkanı əldə etməyi hədəfləyirik. Sülh uzaqda deyil, biz bunu görürük. Etməli olduğumuz tək şey yolumuzu sülhün olduğu yerə çevirməkdir. Qara dəniz döyüş meydanı kimi görünməməlidir. Belə bir vəziyyət yalnız Rusiya və Ukraynaya zərər verər və onlara heç bir şəkildə fayda gətirməz. Hər kəsin Qara dənizdə naviqasiya təhlükəsizliyinə ehtiyacı var. Bu təmin edilməlidir".