AZ

Bu şəxslərin müavinətləri açıqlandı

Gələn il işsizlik müavinətləri üçün ayrılan 28 milyon manat İşsizlikdən Sığorta Fondu tərəfindən ödəniləcək və bu vəsait əsasən işsiz statusu almış şəxslərə, aktiv sosial proqramlarda iştirak edənlərə, peşə təlimlərinə cəlb olunanlara və iş axtaranlara yönələcək.

Bunu əldə etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və onun tabeliyindəki məşğulluq mərkəzlərinə müraciət etmək, qeydiyyatdan keçmək və müvafiq şərtlərə uyğun olmaq lazımdır.

Bəs kimlərə veriləcək?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, işsizlikdən sığorta sisteminin əhatə dairəsinə Əmək Məcəlləsində xüsusi qaydalarla işdən azad olunmuş şəxslər daxildir:

“Birincisi, iş yerinin tam bağlanması nəticəsində işsiz qalan şəxslər.

İkincisi, iş yerlərində ixtisarlar aparılması səbəbindən işsiz qalan şəxslər.

Üçüncüsü, məhkəmənin qərarı ilə işə bərpa olunma hüququ tanınmış şəxslər.

Dördüncüsü, hərbi xidmətdən (əsgərlikdən) qayıtdıqdan sonra işə bərpa olunma hüququnu həyata keçirmiş şəxslər.

Bunlarla yanaşı, müddətli əmək müqaviləsinin müddəti bitmiş şəxslər də bu qrupa daxildir.

Qeyd olunan şəxslər işsizlikdən sığorta baxımından sığortalanmış hesab olunur və müavinət almaq hüququna malikdirlər. Lakin burada əlavə şərtlər mövcuddur. Həmin şəxslər mütləq qaydada məşğulluq orqanlarında işsiz kimi qeydiyyatdan keçməlidirlər.

Müddətli əmək müqaviləsi bitmiş şəxslər üçün əsas şərt ondan ibarətdir ki, onlar işsiz qaldıqları gündən əvvəlki 36 ay ərzində azı 24 ay iş stajına malik olmalıdırlar”.

İqtisadçı bildirib ki, digər kateqoriyalara aid olan, yəni ixtisara düşmüş, iş yeri bağlanmış, hərbi xidmətdən qayıtmış və ya məhkəmə qərarı ilə işə bərpa olunma hüququ tanınmış şəxslər isə işsiz qalmış andan əvvəlki 24 ayın ən azı 12 ayında məşğul olmuş sayılmalıdır:

“Bu baxımdan, hər kəs işsizlikdən sığorta müavinəti almaq hüququna malik olmur. Bu müavinət asan və avtomatik şəkildə əldə edilən bir hüquq deyil. Əsas şərt ondan ibarətdir ki, vətəndaş əvvəlcə işləməli və əmək haqqısından işsizlikdən sığorta haqqı tutulmuş olmalıdır. Yəni, işsizlikdən sığorta yalnız sığortaolunan şəxslər üçün keçərlidir.

Müavinətin verilmə müddəti və məbləği də fərqlidir. Müddətli əmək müqaviləsinin bitməsi səbəbindən işsiz qalmış şəxslərə işsizlikdən sığorta müavinəti cəmi 3 ay müddətinə ödənilir”, – ekspert vurğulayıb.

Seçilən
37
nocomment.az

1Mənbələr