ain.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Azərbaycanın təhlükəsizlik orqanları Rusiyanın işğalçı müharibəsi üçün ölkəmizdə aparılan rekrutinqi qəti şəkildə əngəlləməlidir”.Modern.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli Ukraynada döyüşmək üçün şirnikləndirici vədlərlə Azərbaycandan Rusiya ordusuna cəlb edilən şəxslər barədə danışarkən deyib.
“Xüsusən qazilərimizin, ehtiyatda olan zabitlərimizin Rusiya ordusu ilə müqavilə bağlayıb, ukraynalılara qarşı cinayətlərdə iştirakı və orada ölməsi faciədir. Əlbəttə ki, bu problem təkcə təhlükəsizlik aspekti ilə məhdudlaşmır. Məsələnin sosial‐iqtisadi və siyasi‐təbliğati tərəfləri də var.
Əvvəla, işsiz, yoxsul və sosial təminatı aşağı səviyyədə olan kişilər, o cümlədən qazilər əlavə gəlir mənbələri axtararkən Rusiya ordusuna əsgər cəlb edən şəbəkələrlə rastlaşırlar və orada müqavilə imzalandıqda verilən ödənişin cazibəsinə qapılırlar”, - ekspert vurğulayıb.Onun sözlərinə görə, sosial‐iqtisadi çətinliklər Azərbaycandakı bəzi insanları öz nəzərlərini ölkə xaricindəki gəlir fürsətlərinə çevirməsinə səbəb olur.“İkincisi, çox təəssüf ki, Azərbaycan mediası, xüsusən televiziyalar Ukrayna mövzusuna geniş yer ayırsalar da, Rusiyanın apardığı savaşın cinayətkar mahiyyəti və əxlaqi baxımdan alçaqlığına az diqqət yetirirlər. Əksinə, işğala məruz qalan tərəfi haqsız çıxaran, Rusiyaya əsasən örtülü, bəzən də açıq şəkildə haqq qazandıran rəylərə yer verilir. Bəzi şərhçilər də var ki, əslində Rusiyanı dəstəkləməsələr də, çıxışlarında yalnız Ukrayna rəhbərliyini, prezident Zelenskini ‐ yəni qurbanı məsuliyyətsizcəsinə hədəf almaqla, faktiki olaraq Rusiya təbliğatının dəyirmanına istəmədən su tökmüş olurlar. Bu isə Azərbaycan cəmiyyətində rusiyayönümlü əhval‐ruhiyyələrə töhfə verərək Rusiyanın tərəfində döyüşməyin pis, ayıb bir şey olmadığı qənaətini də yaradır.
Başqa bir tərəfdən, telekanallar müharibənin amansızlığı, tərəflərin nə qədər ağır itkilər verdiyi gerçəyini izləyiciyə lazımi səviyyədə çatdırmır. Cəbhə xəttində əsgərlərin ömrünün çox qısa olduğu, xüsusən Rusiyanın hər gün 1000‐1500 əsgər itridiyi və onların bir çoxunun meyitlərinin tapılmadığı, dronlar tərəfindən tikə‐parça edildiyi hər kəs tərəfindən bilinərək dərk edilsə, muzdlu qismində o müharibədə iştirak həvəsi yəqin ki, azalar”, - Şahin Cəfərli qeyd edib.
Hərbi bloger Tofiq Şahmuradov da belə faktların olduğunu təsdiqləyib. O bildirib ki, Rusiyadakı bəzi azərbaycanlılar sosial şəbəkələrdə Rusiya üçün Ukraynada gedən müharibəyə adam cəlb edirlər.
"Xüsusən 44 günlük Vətən müharibəsində iştirak etmiş, müxtəlif səbəblərlə Azərbaycan Ordusundan tərxis olunmuş keçmiş hərbçilərə sosial şəbəkələr vasitəsilə yazırlar, onları şirnikləndirirlər.Bu hərbçilərin arasında sosial yaşayışı aşağı olanlar çoxdu deyə, onlara qarmaq atırlar. Bunlara döyüş təcrübəsi olan adamlar lazımdır. Verdikləri vədlər də bitmir: “Ay mən getdim fırlatdım, sonra burada 3 ev aldım, narahat olma gəl, komandirlər tanışdı, deyəcəm sən də fırladacaqsan, qəşəng pul qazanacaqsan və s…”
Qardaşlar, belə vədlərə inanmayın, hazırda Ukrayna ərazisində Rusiya Silahlı Qüvvələrinin 750 mindən çox canlı qüvvəsi var, orda it yiyəsini tanımır.
Lap tutaq ki, onun orda tabor komandiri, “kombrik” dostu var, kim qarantiya verə bilər ki, sən onların bölüyünə və ya briqadasına düşəcəksən?
Rusiya rəhbərliyi öz millətini arxada saxlıyıb, etnikləri, başqa xalqların nümayəndələrini “ət maşınına” basır.
Bəziləri düşünə bilər ki, eybi yox, gedim ölüm, ailəm 100-150 min dollar kompensasiya alsın, normal dolansın... Kompensasiyanı verməmək üçün meyitinizi itə-quşa yedirdəcəklər”, - T.Şahmuradov vurğulayıb.
Qeyd edək ki, T.Şahmuradovun sosial şəbəkədəki paylaşımına rəy yazan bəzi şəxslər Azərbaycan vətəndaşlarını şirnikləndirci vədlərlə Rusiya ordusuna cəlb etməyə çalışanların olduğunu təsdiqləyiblər.
Xatırladaq ki, 44 günlük Vətən müharibəsində “Azərbaycan bayrağı” ordeni, "Vətən uğrunda" medalı ilə təltif edilmiş tibb xidməti kapitanı Həsənov Qafur Cəmaləddin oğlu dünən Ukraynada gedən müharibədə həlak olub. O, Rusiya ordusuna cəlb edilən qurbanlardan biridir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.