ABŞ-nin Belarus üzrə xüsusi nümayəndəsi Minskdə iki günlük danışıqlardan sonra Lukaşenkonun rolunu müsbət dəyərləndirib...
Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı konstruktiv və faydalı tövsiyələr verir.
Poliqon xəbər verir ki, bu barədə Minskdə keçirilən iki günlük danışıqların yekunlarına həsr olunmuş mətbuat konfransında ABŞ-ın Belarus üzrə xüsusi nümayəndəsi Con Koul bildirib. Onun sözlərini BelTA agentliyi sitat gətirir.
“Lukaşenko bizə Rusiya ilə Ukrayna arasında davam edən müharibə ilə bağlı nə etmək lazım olduğu barədə kömək edir, məsləhətlər verir. Bunlar yaxşı məsləhətlərdir. Bu kimi müxtəlif məsələlər üzrə”, – deyə ABŞ rəsmisi vurğulayıb.
Con Koulun sözlərinə görə, Ukrayna böhranının tənzimlənməsi prosesində Rusiya və Belarus prezidentləri arasındakı yaxın və uzunmüddətli münasibətlər də mühüm rol oynayır.
“Onlar, Vladimir Putin və Aleksandr Lukaşenko uzun illərin dostlarıdır və bu cür mövzuları müzakirə etmək üçün lazımi səviyyədə münasibətlərə malikdirlər. Təbii ki, prezident Putin bəzi tövsiyələri qəbul edə, digərlərini isə qəbul etməyə bilər. Bu, ümumi prosesi dəstəkləməyin bir yoludur”, deyə Koul qeyd edib.
Xatırladaq ki, bir gün əvvəl Aleksandr Lukaşenko Minskdə Amerika nümayəndə heyətini və ona rəhbərlik edən ABŞ prezidentinin Belarus üzrə xüsusi nümayəndəsi Con Koulu qəbul edib. Belarus lideri görüş zamanı dünyada müzakirə olunmalı çoxsaylı yeni problemlərin yarandığını bildirib. Bu, Con Koulun son üç ay ərzində Minskə etdiyi ikinci səfərdir.
Poliqon.info