AZ

Ayxan Abbasov: “Avrokubok üçün büdcə lazımdır” – ARENA.AZ

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş oyununda meydan sahibləri əzmkar qələbəyə seviniblər – 2:1.

Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlərimizə təşəkkür edirəm, möhtəşəm idilər. Komandamı, futbolçuları təbrik edirəm. Əlbəttə, rəqib güclüdür. Son illərə baxanda, stabil oynayan bir kollektivdir. Onlar da ağır qrafikdən çıxmışdılar. Hər iki komandanın epizodları oldu. Mühüm qələbə qazandıq, davam etmək lazımdır. Futbolçulardan daha inamlı, istəkli olmalarını istəyirəm”.

Ayxan Abbasov komandasının avrokuboklarla bağlı hədəflərinə dair sualı isə belə cavablandırıb:

“Avrokuboklara oynamaq üçün geniş heyət lazımdır. Eyni zamanda üçün büdcə lazımdır. Mühüm amillər var. Biz hər növbəti oyuna baxırıq. Məqsəd hər matçda xal qazanmaqdır. Ötən il qışa qədər iki dövrədə 17 xal yığmışdıq, bu il isə artıq 20 xal var, kubokda irəliləmişik. Möhkəmlənmiş heyətimiz var. 25 xalın Premyer Liqada qalmaq üçün bəs edəcəyini düşünürəm. İndi 20 xalımız var. Hər yer bizim üçün önəmlidir. Ötən ildən daha yaxşı olmaq istəyirik”.

Rəşad Sadıqov: “Hücum xəttində 4 futbolçunu birdən itirmişik”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov isə komandasının uzun müddətdən sonra uduzmasına belə şərh verib:

“Gərgin oyun oldu. Ümumiyyətlə, çempionatda heç bir oyun rahat keçmir. Hər iki komanda meydanda əzmkar oyun nümayiş etdirdi. Birinci hissə bizim üçün uğurlu oldu, hesabda önə keçdik. Fasilədə danışdıq ki, rəqib ikinci hissənin əvvəlində fəal olacaq, daha diqqətli olmalıyıq. Təəssüf ki, birinci qol rəqibin gözlədiyimiz hücumundan vuruldu. Diqqətsizlik etdik və “Şamaxı” fərqləndi. Daha sonra penalti. İkinci qoldan sonra çoxlu qol epizodlarımız oldu. Belə epizodlar qol olmursa, həmin matçda qalib gəlmək müşkülə çevrilir. Bu oyundan nəticələr çıxarıb növbəti qarşılaşmalara köklənəcəyik. Hücum xəttində 4 futbolçunu birdən itirmişik. Bu itkilər bizi çox yordu, bir çox oyunlarda özünü hiss etdirdi. Bu gün 4 hücumameyilli oyunçudan istifadə edə bilmədik. Bu, bizim hücumu gücləndirməyimizə mane olur”.

Seçilən
77
arena.az

1Mənbələr