İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətində Ərdəbil-Parsabad dəmir yolu xətti bu vilayət ilə Azərbaycan arasında dəmir yolu əlaqələri və yükdaşımalara öz töhfəsini verə bilər.
Bunu Trend-ə müsahibəsində İranın Ərdəbil vilayətinin valisi Məsud İmami Yeganə deyib.
Onun sözlərinə görə, Ərdəbil-Parsabad dəmir yolu xətti Ərdəbil-Miyana dəmir yolu xəttinin ikinci hissəsi hesab olunur.
İmami Yeganə əlavə edib ki, təxminən 270 km uzunluğunda olan Ərdəbil-Parsabad dəmir yolu xəttinin tikintisi ilə əlaqədar tədqiqatın müəyyən bir hissəsi başa çatdırılıb.
Ərdəbil valisi deyib ki, hazırda İranın Plan və Büdcə Təşkilatından bu dəmir yolu xəttinin tikintisi üçün texniki lisenziyanın verilməsi ilə əlaqədar işlər aparılır.
“Hazırda Ərdəbil valiliyi tərəfindən diqqət mərkəzində saxlanılan məsələlərdən biri Parsabad rayonunun Təzəkənd kəndində dəmiryol terminalının tikilməsidir. Bu terminal Azərbaycanın İmişli rayonu qarşısında yerləşir. Həmin bölgə ilə yaxından tanışlıq olacaq. Ötən illər ərzində bu dəmir yolu ilə əlaqədar iki ölkə arasında razılaşma əldə olunub. İran hökuməti bu dəmir yolu ilə əlaqədar razılığını elan edib. Bu xətt də Ərdəbil vilayəti ilə Azərbaycan arasında dəmir yolu əlaqələrinin inkişafına şərait yarada bilər. Sözügedən dəmir yolu Ərdəbil vilayətinin Cənubi Qafqaz, Avrasiya İqtisadi İttifaqı və Şərqi Avropa ölkələrinə çıxışını təmin edəcək”, - deyə o bildirib.
İmami Yeganə qeyd edib ki, bu dəmir yolunun tikintisi Miyana-Ərdəbil dəmir yolu xətti ilə müqayisədə daha asandır. Çünki Miyana-Ərdəbil xəttinin əksər hissəsi dağlıq ərazilərdən keçir. Miyana-Ərdəbil dəmir yolu xəttinin isə cari İran ilinin sonunadək (20 mart 2026) istifadəyə verilməsi nəzərdə tutulub.
Onun sözlərinə görə, İranın hazırkı hökumətinin ( hazırkı hökumət avqust 2024-dən iqtidardadır) və Prezident Məsud Pezeşkianın prioritetlərindən biri sərhəd vilayətlərinin qonşu ölkələrlə müxtəlif sahələrdə əlaqələrinin inkişaf etdirilməsidir.
Vali bildirib ki, İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Azərbaycanla 370 km uzunluğunda birgə sərhədi olduğunu nəzərə alaraq sərhədyanı diplomatiyadan maksimum şəkildə faydalanmaq mümkündür.
“Ərdəbil vilayəti Azərbaycanla müxtəlif iqtisadi və ticarət sahələrində əlaqələrini inkişaf etdirməklə Cənubi Qafqaz ölkələri, Avrasiya İqtisadi İttifaqına üzv ölkələr və Şərqi Avropa ölkələri ilə iqtisadi əlaqələr qura bilər. Bu çərçivədə ötən 1 il ərzində Ərdəbil vilayəti müxtəlif ölkələrdən investorlarla əlaqələr quraraq iqtisadi inkişafı diqqət mərkəzində saxlayıb. Azərbaycana səfər çərçivəsində aparılan müzakirələrdə son vaxtlar istifadəyə verilmiş Ərdəbil Azad Ticarət və Sənaye Zonasının fəaliyyətinə xüsusi yer ayrılıb. Bu zona iki ölkə arasında birgə ticarət və sənaye zonasının yaradılmasına imkan yarada bilər. Bununla əlaqədar iki ölkə arasında müzakirələr aparılır”, - deyə o qeyd edib.
İmami Yeganə deyib ki, İranın şimal-qərbində yerləşən vilayətlərin, o cümlədən Ərdəbilin Azərbaycanla bir çox bağlarının olduğunu nəzərə alaraq, Ərdəbilin Azərbaycanla ticarət dövriyyəsinin artırılması üçün səylər göstərilir. Müxtəlif sahələrdə, o cümlədən investisiya sahəsində iş adamları, investorlar Ərdəbil vilayətinə dəvət olunublar.
Vali bildirib ki, İranda ən böyük kənd təsərrüfatı parkı Ərdəbil vilayətində yaradılır. Bu isə iqtisadi və ticarət baxımından iş adamları üçün müxtəlif imkanlar aça bilər. Vilayətdə yerləşən istixanalar bölgədə kənd təsərrüfatı məhsullarının təmin olunmasında böyük rola sahibdir. Ərdəbildə kənd təsərrüfatı məhsullarının istehsalı və emal sektorundakı potensiallar investorların diqqətini cəlb edir. Çünki bu vilayətin kənd təsərrüfatı məhsullarının Avrasiya İqtisadi İttifaqı ölkələrinə ixrac edilməsi üçün imkanlar var. Burada həmçinin turizm baxımından böyük imkanlar yaradıla bilər. Bu istiqamətdə vilayətdə hotellərin tikilməsi və digər turizm sahələri, iqlim çeşidliliyi investorların marağını cəlb edə bilər.
Onun sözlərinə görə, Ərdəbil vilayətində sənaye, tikinti, sement, təkər, polietilen borular, sellüloz liflər, parça və geyim, elektronika ehtiyat hissələri, avtomobil ehtiyat hissələri istehsalı, eyni zamanda mədən sektorunda imkanlar mövcuddur. Bütün bunlar həm azərbaycanlı investorların Ərdəbil vilayətində, həm də yerli investorların Azərbaycanda yatırım etmələrinə şərait yarada və məhsul ixracına öz töhfəsini verə bilər.
Vali deyib ki, Ərdəbil vilayətində məhsul ixracı əsas hədəflərdəndir. Belə ki, vilayətdən məhsul ixracının minimum iki dəfə artırılması diqqət mərkəzində saxlanılır. Bu baxımdan Ərdəbil vilayəti üçün böyük bir imkan yaranıb ki, kənd təsərrüfatı, sənaye, mədən və turizm sahələrində Azərbaycanla yaxın əlaqələr qura bilsin. Bu isə həm Ərdəbil vilayəti, həm də İran hökuməti tərəfindən ciddi şəkildə dəstəklənir.
İmami Yeganə əlavə edib ki, cari İran ilinin 8 ayı (21 mart -21 noyabr 2025) ərzində Ərdəbil vilayətinin Azərbaycanla gömrük-sərhəd məntəqəsi vasitəsi ilə 270 milyon dollarlıq məhsul ixrac edib. Vali bildirib ki, Ərdəbil vilayəti Azərbaycan tərəfi ilə əməkdaşlığı genişləndirərək məhsul ixracını artırmaq niyyətindədir.
Onun sözlərinə görə, Azərbaycanda baş tutan görüşlərdə qarşılıqlı səfərlərdən sonra davamlı şəkildə hər iki tərəfin mütəxəssisləri arasında əlaqələrin inkişafının diqqət mərkəzində saxlanılması önəm kəsb edir.