AZ

Bəzi makaron məhsullarının tərkibində böcək qarışımı olan maddələrin istifadə edildiyini bildirib-TƏCİLİ

Tanınmış teleaparıcı Aytən Səfərovanın efirdə səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. O, bəzi makaron məhsullarının tərkibində böcək qarışımı olan maddələrin istifadə edildiyini bildirib. A.Səfərova söyləyib ki, bəzi istehsalçılar bu barədə açıq məlumat verməyərək alıcıları aldadır.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, söhbət əsasən E120 qida qatqısından gedir:

“E120 maddəsi kaşinel böcəyindən əldə olunan qırmızı rəngləndiricidir. Bu maddə həm qida, həm də qeyri-qida məhsullarında geniş şəkildə istifadə olunur. Bunun əsas səbəblərindən biri digər rəngləndiricilərlə müqayisədə daha ucuz başa gəlməsidir. Məhz buna görə də bir çox istehsalçılar E120-yə üstünlük verirlər”.

M.Hüseynova qeyd edib ki, bu maddə yoqurtlar, dondurmalar, şirniyyatlar, saqqızlar, süd məhsulları, şokoladlar və bəzi sousların tərkibində rast gəlinir:

“Bu rəngləndirici bir çox qırmızı rəngli qida məhsullarının tərkibində mövcuddur. Bunlara yoqurtlar, dondurmalar, şirniyyatlar, saqqızlar, müxtəlif süd məhsulları, şokoladlar və hətta bəzi souslar daxildir. Eyni zamanda, ət və ət məhsullarında - kolbasa, sosiska, basdırma kimi məhsullarda da rəngləndirici kimi istifadə olunur.

E120 maddəsi yalnız qida məhsulları ilə məhdudlaşmır. O, kosmetik vasitələrdə, xüsusilə dodaq boyalarında, dırnaq boyalarında və digər qırmızı rəngli kosmetik məhsullarda da geniş tətbiq edilir. Bundan əlavə, tekstil sənayesində də bu maddədən istifadə olunur. Ümumilikdə, E120-nin geniş yayılmasının əsas səbəbi onun asan əldə olunması və nisbətən ucuz olmasıdır”.

Mütəxəssis vurğulayıb ki, Azərbaycan qanunvericiliyində E120 maddəsinin istifadəsi qadağan olunmayıb:

“Azərbaycan qanunvericiliyində E120 maddəsinin istifadəsinə dair hər hansı bir qadağa mövcud deyil. Lakin bu maddə yalnız müəyyən edilmiş normativ dozalar çərçivəsində istifadə olunmalıdır. Əgər məhsulun tərkibində karmin istifadə edilibsə, bu barədə etiket məlumatlarında mütləq şəkildə qeyd olunmalıdır. Bu məlumat “E120” adı altında və ya digər adları ilə - karmin turşusu, kaşinel, karmin, karminlər kimi göstərilə bilər.

Əgər məhsulun etiketində bu məlumat əks olunmayıbsa, həmin məhsul nə düzgün istehsal olunmuş, nə də keyfiyyətli hesab edilə bilər və riskli məhsullar sırasına daxil ola bilər. Çünki bir çox insanlarda, xüsusilə uşaqlarda, karmin tərkibli qidaların normadan artıq qəbulu hiperaktivliyə və aqressiv davranışlara səbəb ola bilər. Bundan əlavə, bu maddəni davamlı şəkildə qəbul edən şəxslərdə allergiyaya meyillilik artdığından, mövcud dəri xəstəliklərinin kəskinləşməsi, əvvəllər olmayan hallarda isə yeni dəri problemlərinin yaranması müşahidə oluna bilər. Eyni zamanda, yuxu rejiminin pozulması da mümkündür”.

Məhsəti Hüseynova vurğulayıb ki, heyvan mənşəli məhsullardan istifadə etməyən şəxslər üçün bu məsələ xüsusilə həssasdır:

“Karmin həşərat mənşəli maddə olduğu üçün süni hesab edilməsə də, heyvan mənşəli məhsullardan istifadə etməyən şəxslər üçün bu məsələ həssasdır. Məhz buna görə də məhsulun tərkibində karminin olub-olmaması açıq və aydın şəkildə göstərilməlidir ki, bu kimi hallarda istehlakçı hüquqlarının pozulmasının qarşısı alınsın”.

Əsmətxanım Rzazadə


Seçilən
12
5
azia.az

6Mənbələr