"Real Madrid"in özəl ittihamçı kimi Neqreyra işində iştirak edən hüquqşünasları məhkəmə dinləməsi zamanı "Barselona"nın prezidenti Xuan Laportanı sorğu-sual ediblər.
Redaktor.az "AS" nəşrinə istinadən xəbər verir ki, Madrid klubunun hüquqşünasları Laportadan hakimlərin texniki komitəsinin (CTA) keçmiş vitse-prezidenti Xose Maria Neqreyraya ödənişlərin 800% artırılmasının səbəbləri, Neqreyranın oğlunun kataloniyalılar üçün açıqlanmamış hakimlər haqqında hesabatların hazırlanmasında iştirakı barədə soruşublar.
Bundan başqa, "Real Madrid"in hüquqşünasları "Barselona"nın niyə ödənişləri vergi orqanlarından və onların ilkin mənbəyini gizlətməsi ilə maraqlanıblar.
Xatırladaq ki, 2023-cü ildə "Barselona"ya İspaniya Kral Futbol Federasiyasında (RFEF) işləyən Neqreyraya ödənişlərlə bağlı rüşvətxorluqda ittihamlar irəli sürülmüşdü.
"Barselona" 2001-2018-ci illər arasında təxminən 8.4 milyon avro məbləğində bu ödənişləri həyata keçirməkdə ittiham olunurdu.
Kataloniya klubunun versiyasına görə, Neqreyra hakimlik haqqında texniki hesabatlar hazırlamaq üçün xarici məsləhətçi kimi işə götürülmüşdü. CTA-nın keçmiş vitse-prezidenti hakimlərə təsir göstərmək məqsədilə rüşvət aldığını inkar edir.