AZ

Aİ ilə Azərbaycan mülki pilotsuz texnologiyalar sahəsində startaplar səviyyəsində fəal əməkdaşlıq edə bilər –  MÜSAHİBƏ

Bakı, 13 dekabr, Tamilla Məmmədova, AZƏRTAC

Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi və geosiyasi reallıqların dəyişdiyi bir şəraitdə Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Regional iqtisadi və texnoloji proseslərin mərkəzində yerləşən Azərbaycan innovasiya ekosistemini fəal şəkildə inkişaf etdirir və beynəlxalq əməkdaşlığın yeni formatlarını axtarır. Ölkə rəqəmsal transformasiya və yüksək texnologiyalar sahəsində mövqelərini möhkəmləndirmək üçün qabaqcıl dünya təcrübəsini mənimsəməyə çalışır. Bu baxımdan Avropa tərəfdaşlarının təcrübəsi həm dövlət sektoru, həm də innovativ biznes üçün mühüm istiqamətverici rol oynayır.

AZƏRTAC-ın suallarını texnoloji siyasət və Avropa məsələləri üzrə ekspert, İnnovativ İdarəetmə İnstitutunun (Şərq Tərəfdaşlığı ölkələrində əsasən rəqəmsal idarəetmə və texnologiyalar sahəsində fəaliyyət göstərən beynəlxalq analitik mərkəz) müşaviri Andrea Kastanya cavablandırıb.

— Texnoloji siyasət və Avropa məsələləri sahəsində təcrübəniz Azərbaycanın rəqəmsal transformasiyasının və innovasiya ekosisteminin dəstəklənməsində necə tətbiq oluna bilər?

— Şəxsi təcrübəmə əsaslanaraq hesab edirəm ki, Azərbaycan kimi ölkədə innovasiyaların dəstəklənməsinin ən effektiv yollarından biri uğurlu Avropa nümunələrinin və qabaqcıl təcrübələrin müəyyən edilməsi və yayılmasıdır. Məsələn, elektron hökumət həllərinə nəzər salsaq, Danimarka və Estoniya kimi ölkələr vətəndaşlara və ekosistemlərə yüksək effektiv xidmət göstərən ali dərəcədə inteqrasiya olunmuş sistemlərə malikdirlər. Bu yanaşmalar beynəlxalq əməkdaşlıq və müxtəlif qarşılıqlı fəaliyyət formatları vasitəsilə ötürülə bilər. Mən beynəlxalq əməkdaşlığın gücünə inanıram və hesab edirəm ki, həm Aİ-yə üzv dövlətlər, həm də Azərbaycan bir-birindən öyrənməlidir.

— Azərbaycan startaplarının və texnoloji təşəbbüslərinin inkişafı üçün beynəlxalq əməkdaşlığın hansı formaları daha faydalı ola bilər?

— Energetika Aİ ilə Azərbaycan arasında əməkdaşlığın mühüm sahəsidir. Avropa ölkələri ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanda startapların və texnoloji təşəbbüslərin inkişafı üçün böyük potensial mövcuddur. Bu, bəzi sahələrdə artıq reallaşır. Lakin mənim fikrimcə, bərpaolunan enerji və karbon neytral texnologiyalar sahəsində hələ də geniş imkanlar qalır.

Əməkdaşlığın digər perspektivli istiqaməti pilotsuz texnologiyalardır. Şübhəsiz ki, hərbi sahədə yüksək səviyyədə qarşılıqlı fəaliyyət artıq mövcuddur. Lakin Aİ ilə Azərbaycan startaplar səviyyəsində və mülki pilotsuz texnologiyalar sahəsində də çox fəal əməkdaşlıq edə bilər. Mən kənd təsərrüfatı və infrastrukturun yoxlanılması sahəsində perspektivli layihələr, eləcə də komponentlər səviyyəsində, məsələn, dronların naviqasiyası və robototexnika üçün süni intellekt həlləri barədə məlumatlıyam.

— Təcrübənizə əsasən, innovasiyaların və rəqəmsal layihələrin idarə olunmasına dair hansı yanaşmalar Azərbaycan şəraitində tətbiq oluna bilər?

— Hesab edirəm ki, Avropada yaxşı nəticə verən yanaşmalardan biri tədqiqatlar, innovasiyalar, rəqabətqabiliyyətlilik və iqlim dəyişikliyi kimi qlobal problemlərin həllinə yönəlmiş əməkdaşlığı təşviq edən “Horizon” proqramıdır. 2028-ci ildən başlayacaq növbəti dövr üçün bu proqram çərçivəsində 175 milyard avro vəsait nəzərdə tutulur. Beləliklə, universitetlər, kiçik təşkilatlar və startaplar da maliyyələşməyə çıxış əldə edə bilirlər.

Aİ-yə üzv olmayan bəzi ölkələr, o cümlədən Türkiyə və Misir də bu proqrama qoşulub. Buna görə də gələcəkdə bu məsələ Bakı ilə Brüssel arasında siyasi və ikitərəfli səviyyədə müzakirə mövzusu ola bilər.

— Hansı Avropa təşəbbüsləri Azərbaycanın innovasiyalara dövlət dəstəyini gücləndirməsinə kömək edə bilər?

— Şərq Tərəfdaşlığı çərçivəsində bir çox təşəbbüslər mövcuddur. Məsələn, bu proses Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu vasitəsilə və ya ikitərəfli səviyyədə həyata keçirilə bilər. Aİ ölkələrinin bir çox inkişaf agentlikləri innovasiyalara dövlət dəstəyini gücləndirə biləcək sahələrdə, o cümlədən ictimai idarəetmə islahatları istiqamətində potensialın artırılmasına yönəlmiş proqramlar reallaşdırırlar.

Bundan əlavə, submilli səviyyədə də geniş imkanlar mövcuddur. Keçmişdə mən Avropa İttifaqının Regionlar Komitəsində çalışmaq imkanına malik olmuşam. Bu qurum Avropanın yerli və regional hakimiyyət orqanlarını birləşdirir və tərəfdaş ölkələrlə, o cümlədən Şərq Tərəfdaşlığı çərçivəsində və ondan kənarda fəal əməkdaşlıq edir. Bu isə o deməkdir ki, Azərbaycanın yerli özünüidarəetmə orqanları da Avropadakı həmkarları ilə əməkdaşlıq qura bilərlər.

— Azərbaycan texnoloji və innovasiya ekosisteminin inkişafı üçün Avropa təşkilatları və investorları ilə strateji tərəfdaşlıqları effektiv şəkildə necə qura bilər?

— Təəssüf ki, Avropada Azərbaycanın yerli ekosisteminin ehtiyacları barədə anlayış olduqca məhduddur. Azərbaycanlı innovatorlar üçün ilk addım Avropada daha görünən olmaq və özlərini fəal şəkildə təqdim etməkdir. Məsələn, forumlarda və ya startap şəbəkələrində təşəbbüs göstərmək vacibdir.

Eyni zamanda, innovasiya icması və vətəndaş cəmiyyəti də bu prosesə töhfə verə bilər. Azərbaycanın startap ekosistemi sürətlə böyüyür və dünya bunu görməlidir. Xəritələşdirmə, açıq məlumatlar və ya PR kampaniyaları vasitəsilə ekosistem Avropa tərəfdaşları üçün daha cəlbedici və aşkar görünən ola bilər.

— Dayanıqlı innovasiya ekosistemlərinin formalaşmasına hansı əsas siyasət elementləri kömək edir və onlar Azərbaycana necə uyğunlaşdırıla bilər?

— Biz geosiyasi gərginliyin və süni intellekt kimi yeni texnologiyaların yanaşmaları dəyişdirdiyi qeyri-adi bir dövrdə yaşayırıq. Buna görə indi söylədiklərim yaxın illərdə dəyişə bilər. Lakin hazırda üç əsas element önəmlidir.

Birincisi, təhsilə və istedadların inkişafına investisiyaların artırılmasıdır. Azərbaycan universitetlərdə istedadların inkişafına daha çox sərmayə qoymaq və mütəxəssisləri cəlb etmək üçün əlverişli mövqedədir. Təhsil müəssisələri vasitəsilə Avropa tərəfdaşları ilə əlaqələr gücləndirilə bilər.

İkincisi, vençur kapitalına çıxışdır. Təəssüf ki, Avropada bu sahə, xüsusilə ABŞ-la müqayisədə, problem olaraq qalır. Lakin Azərbaycanda kapital mövcuddur və ölkə Qafqazda vençur fondları, biznes “mələkləri” və digər investorlar üçün mərkəzə çevrilə bilər.

Üçüncüsü, startaplar və ekosistemlər sabitliyin və aydın qanunvericilik bazasının mövcud olduğu mühitdə inkişaf edir. İctimai idarəetmədə şəffaflığın və aydınlığın artırılması, uzlaşdırılmış siyasətin dəstəklənməsi, məsələn, fiskal qaydalar, pul-kredit sisteminin çevikliyi və tənzimləyici islahatlar sahəsində, eləcə də ədalət mühakiməsinə çıxış və korrupsiyaya qarşı mexanizmlərlə bağlı bəzi Avropa standartlarının qəbul edilməsi innovasiyaların inkişafı üçün əlverişli mühit yarada bilər.

Seçilən
36
azertag.az

1Mənbələr