Son 12 ay üzrə avtomobillərin icbari sığortası bazarında ən çox şikayət "Atəşgah Sığorta" ASC-dən olub.
"Cebheinfo.az" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, şirkətin indeksi 1.52 olmaqla, bazar üzrə orta göstəricini üstələyib.
Şikayətlərin intensivliyi baxımından növbəti pillədə "AtaSığorta" ASC və "Xalq Sığorta" ASC qərarlaşıb. Hər iki sığortaçının şikayət indeksi 1.41 olub. Siyahının dördüncü sırasında isə 1.08 indekslə "Meqa Sığorta" yer alıb.
Digər sığorta şirkətləri üzrə göstəricilər nisbətən aşağı olub. Belə ki, "Paşa Sığorta" ASC-də şikayət indeksi 0.84, "Qala Sığorta" ASC-də 0.83, "Azərbaycan Sənaye Sığorta" ASC-də isə 0.39 səviyyəsində formalaşıb.

Şikayət indeksinin 1.00-dən aşağı olması sığortaçı üzrə xidmət keyfiyyətinin nisbətən yaxşı, 1.00-dən yuxarı olması isə digər şirkətlərlə müqayisədə daha zəif olduğunu ifadə edir.
AMB-dən bildirilib ki, avtomobillərin icbari sığortası üzrə şikayət indeksi vətəndaşların sığorta şirkəti seçimi zamanı məlumatlı qərar vermələrinə kömək məqsədi daşıyır. İndeksin hesablanmasında beynəlxalq təcrübədə tətbiq olunan metodologiyadan istifadə olunub və yalnız avtomobillərin icbari sığorta növü üzrə lisenziyası aktiv olan şirkətlərə dair daxil olan şikayətlər nəzərə alınıb.
Eyni zamanda, avtomobillərin icbari sığortası fəaliyyəti üzrə icazəsi məhdudlaşdırılmış və ya ləğv edilmiş sığortaçılarla bağlı şikayətlərin tənzimlənməsinin əvvəlki qaydada davam etdirildiyi də qeyd olunub.
"Cebheinfo.az"