“Apollon”dan bura gəldiyim üçün səhv addım atdığımı düşünmürəm”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Sessi Dalmeyda deyib.
Yayda Kipr klubunu “ağ-qaralar”a dəyişmiş beninli legioner buna görə peşman olmadığını və hazırkı komandasında işlərin düzələcəyinə inandığını söyləyib:
“Məsələ “o komanda yaxşıdır”, ya da “bu komanda yaxşıdır” deyil. “Neftçi”yə hədəflərim olaraq gəlmişəm. Sadəcə, vaxta ehtiyacımız var.
Düzdür, bunu demək də asan deyil, çünki artıq dekabrdayıq. Hər halda mən komandamıza çox inanıram.
Bizim dönüş nöqtəsinə ehtiyacımız var. Vensan Abubakar kimi futbolçu da gəlib, komandada inam yaranıb.
Güclü, böyük futbolçularımız var. Zəif deyilik.
Bu mövsüm nəsə əldə edəcəyik. Buna çox inanıram.
Amma daha çox mübarizə aparmalıyıq. Meydançada yıxıldınsa, yenidən qalxıb sona qədər sprint etməlisən. Bu cür mentalitetə ehtiyacımız var”.