AZ

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ nümayəndələri ilə görüş keçirəcəyini açıqlayıb və bildirib ki, bu danışıqlar, eləcə də Avropa ilə aparılacaq təmaslar “sülhün əsaslarını” formalaşdırmağa yönələcək.

Ukraynada sülh sazişinə nail olmaq və münaqişəni nizamlanmaq imkanlarının hazırda “əhəmiyyətli” olduğunu bildirən Zelenski, bu məqsədlə yaxın günlərdə Kiyevin Berlində müttəfiqləri ilə danışıqlar aparacağını deyib. Sherg.az xəbər verir ki, Prezident bu barədə axşam müraciətində məlumat verib. Müraciət Zelenskinin “Telegram” kanalında dərc olunub.

Dövlət başçısı qeyd edib ki, hazırda Ukrayna nümayəndə heyəti ABŞ və Avropa ölkələrindən olan tərəfdaşlarla keçiriləcək görüşlərə hazırlaşır.

Zelenski xüsusilə vurğulayıb ki, ABŞ nümayəndələri ilə danışıqları şəxsən özü aparacaq. Onun sözlərinə görə, həm ABŞ, həm də Avropa ilə keçiriləcək görüşlər “sülhün təməli -müharibənin başa çatdırılması ilə bağlı siyasi razılaşma” mövzusuna həsr olunacaq.

“Artıq baş tutmuş təmaslarla bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovun və danışıqlar qrupumuzun məruzəsi olacaq. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Hnatov və müdafiə-təhlükəsizlik sektorunun nümayəndələri Ukrayna vətəndaşları üçün təhlükəsizlik zəmanətlərinin detalları üzərində işləyəcəklər. Eyni zamanda, ukraynalı rəsmi şəxslər Amerika və Avropa tərəfdaşları ilə müharibədən sonra Ukraynanın real bərpası və inkişafı məsələlərini müzakirə edirlər”, — deyə Zelenski bildirib.

Prezident əlavə edib ki, Kiyev “Ukrayna üçün sülhün ləyaqətli olması” istiqamətində çalışır. Onun sözlərinə görə, Ukrayna tərəfi Berlində “razılaşmanın normal və işlək olmasına real töhfə verə bilən bütün tərəflərlə maksimum fəal və konstruktiv şəkildə” əməkdaşlıq edəcək.

"Bloomberg" agentliyinin məlumatına görə, Zelenski dekabrın 15-də Berlində Almaniya kansleri Fridrix Merts, Böyük Britaniyanın baş naziri Kir Starmer və digər Avropa liderləri ilə görüşməlidir. Bu barədə həmçinin "Axios və The Wall Street Journal "nəşrləri də məlumat yayıb. Bildirilir ki, danışıqlarda ABŞ prezidentinin kürəkəni Cared Kuşner və xüsusi nümayəndə Stiv Uitkoff da iştirak edəcək. "Bloomberg"in yazdığına görə, bundan əvvəl Ukrayna, Avropa ölkələri və ABŞ-nin milli təhlükəsizlik üzrə müşavirləri sülh planlarının layihələrini müzakirə edəcəklər.

"The New York Times "qəzetinin məlumatına əsasən, Kiyevin ABŞ-ın təklifinə cavab olaraq irəli sürdüyü 20 maddəlik yeni layihədə Donbasın tam şəkildə güzəştə gedilməsindən imtina nəzərdə tutulur. Ukrayna şərq bölgəsində nəzarətində qalan ərazilər üzərində suverenliyin saxlanılmasında israr edir. ABŞ-ın təklif etdiyi plan isə Kiyevin Donbasdan tam imtina etməsini ehtiva edir. Ukrayna tərəfi, eyni zamanda, NATO-ya üzv olmaq hüququndan imtinanı qəti şəkildə rədd edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Zelenskinin Donbasın güzəştə gedilməsi məsələsinin “seçki və ya referendum formatında” xalqın müzakirəsinə çıxarılması ilə bağlı fikirlərinə cavab olaraq bildirib ki, Rusiya müvəqqəti atəşkəsə deyil, davamlı sülhə nail olmağa çalışır. Peskovun sözlərinə görə, əgər Ukraynada Donbasla bağlı mümkün referendumun məqsədi “fasilə əldə etmək üçün bəhanə yaratmaqdırsa”, bu, qəbul olunmayacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
4
sherg.az

6Mənbələr