BAKI, 14 dekabr. TELEQRAF
Ukraynanın Müdafiə Qüvvələri Xarkov vilayətinin Kupyansk şəhəri istiqamətində hücum əməliyyatlarını davam etdirir və şəhərin mərkəzində irəliləyib. Hazırda ərazilərdə təmizləmə işləri aparılır.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında bildirilib.
Məlumata görə, Ukrayna qüvvələri Kupyanskın cənub-qərbində yerləşən Yubileynıy mikrorayonuna tam nəzarəti təmin edib. Bu, Rusiya qüvvələrinin şəhərin cənubunda mövqelərini saxlamaq imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.
ISW qeyd edir ki, Ukrayna bölmələri Oskil çayının sağ sahilinə çıxaraq Rusiyanın Kupyanska şimaldan gedən yerüstü təminat xətlərini kəsib. Bununla yanaşı, Rusiya qüvvələri şəhərə piyada və diversiya qrupları vasitəsilə sızmağa cəhd göstərir.
Hesabatda bildirilir ki, geolokasiya görüntüləri rus diversiya qruplarının hələ də Kupyanskın şimal və qərb hissələrində mövcudluğunu göstərir.
ISW əlavə edir ki, Ukrayna bölmələri Petropavlivka istiqamətində də irəliləyib, Rusiya qüvvələri isə hücumu dayandırmağa çalışarkən ağır itkilər verir.