15-ci turda təkcə avrokuboklara iddialılar yox, həm də elitada qalmaq uğrunda mübarizə aparanlar üz-üzə gələcək.
Azər Bağırovun gəlişindən sonra inkişaf mərhələsinə qədəm qoyan “Kəpəz” Yevlaxda nominal meydan sahibi qismində “Qəbələ”ni qonaq edəcək.
Komandalar arasındakı prinsipiallıq 2023/24 mövsümünə söykənir.
2 il əvvəlki “futbol ili”ndəki vəziyyət indikinin eynisi idi. O dönəmdə fevrala qədər Elmar Baxşıyevin, daha sonra Kaxaber Tsxadadzenin çalışdırdığı Qəbələ təmsilçisi Adil Şükürovun başçılıq etdiyi “sarı-göylər”lə Premyer Liqadakı yeri qorumaq mübarizəsinə girişmişdi.
Gərgin keçən yarışın yekununda “Kəpəz” sevinən tərəf olmuş, “Qəbələ” I Liqaya yuvarlanmağın acısını yaşamışdı.
Qəbələlilər elitaya dönəndən sonrakı ilk cəhddə qərblilərin cavabını artıqlaması ilə verməyi bacardı.
5-ci turda Qəbələdə gerçəkləşən dueldə rəqibinə göz açmağa imkan verməyən meydan sahibləri Gəncə komandasını meydana çıxmağa peşman etdi 3:0.
Sadəcə həmin vaxt “Kəpəz”in “sükanı” Adil Şükürovun nəzarətindəydi. İndi isə Azər Bağırovun əlindədir.
Yeri gəlmişkən, Kaxaber Tsxadadze ilə Azər Bağırov baş məşqçi qismində indiyə qədər bir dəfə qarşılaşıblar.
2023 /24 mövsümünün 27-ci turunda Tsxadadze “Qəbələ”yə yeni gəlmişdi, Bağırov isə o dönəmdə “Araz-Naxçıvan”ı çalışdırırdı. Gərgin keçən və “Araz”ın kapitanı Numan Kurdiçin “qırmızı” aldığı qarşılaşmada komandalar hərəyə 1 qol vurmuşdu.
Bölgə təmsilçilərinin turnir cədvəlindəki mövqeyi sözün əsl mənasında intriqa saçır.
1 oyun az keçirən “Qəbələ” 8 xalla 10-cu pillədə, aktivində 14 görüş olan “Kəpəz” 6 xalla 11-ci pillədə yer alıb.
Nominal meydan sahibləri Yevlaxda qələbəyə sevinə bilsə, “Qəbələ” ilə yerlərini dəyişəcək. Yox, qələbə qonaqların olsa, qış fasiləsi öncəsi əsas rəqiblərindən uzaqlaşıb, 9-cu yerdəki “İmişli”yə yaxınlaşacaq.
Səbrsizliklə gözlənilən qarşılaşma dekabrın 14-də saat 14:00-da başlayacaq.
HƏBİB