AZ

Sidneydə çimərlikdə silahlı hücum: 10 nəfər ölüb, yaralananlar var

BAKI, 14 dekabr. TELEQRAF

Avstraliyanın Sidney şəhərində yerləşən Bondi Beach (Bondi çimərliyi) ərazisində silahlı hücum baş verib.

Teleqraf xəbər verir ki, hadisə şəhərin ən məşhur və insanların sıx toplaşdığı ictimai məkanlardan birində genişmiqyaslı polis əməliyyatına səbəb olub.

Sosial şəbəkələrdə yayılan videolarda əlində tüfəng olan iki silahlı şəxsin əraziyə atəş açdığı görünür. Bundan sonra polis çimərlik ərazisində xüsusi əməliyyata başlayıb, bütün giriş-çıxışlar bağlanıb.

Polis insidentlə bağlı ilkin mərhələdə ictimaiyyəti ərazidən uzaq durmağa çağırıb:

“Polis Bondi çimərliyində baş verən insidentə reaksiya verib və ictimaiyyəti bu ərazidən uzaq durmağa çağırır. Hadisə yerində olan hər kəs təhlükəsiz yerə sığınmalıdır”, –hüquq-mühafizə orqanlarının “X” sosial şəbəkəsində yaydığı məlumatda bildirilib.

Sonradan Yeni Cənubi Uels (NSW) Polisi hadisənin artıq aktiv təhlükə yaratmadığını açıqlasa da, əməliyyatın davam etdiyini və ərazinin hələ də nəzarət altında saxlanıldığını bildirib. Polis əməkdaşları Bondi Beach ətrafındakı küçələri tam bağlayıb, piyada patrullar insanları ərazini tərk etməyə çağırır.

NSW polisinin yaydığı son rəsmi açıqlamaya əsasən, 10 nəfərin öldüyü təsdiqlənib, onlardan birinin atəş açan şəxslərdən biri olduğu ehtimal edilir. İkinci silahlı şəxs ağır vəziyyətdədir.

Məlumata görə, ən azı 11 nəfər yaralanıb, onlardan ikisi polis əməkdaşıdır. Daha əvvəl şahidlərə istinadən yayılan məlumatlarda yaralıların sayının daha az olduğu bildirilirdi, lakin sonradan rəqəmlər dəqiqləşdirilib.

Polis hələlik hücumun motivini açıqlamayıb, hadisə ilə bağlı genişmiqyaslı istintaq aparılır.

Hadisə Avstraliya ictimaiyyətində böyük rezonans doğurub və ölkə üzrə təhlükəsizlik tədbirləri gücləndirilib.

Seçilən
30
teleqraf.com

1Mənbələr