Xəbər verdiyimiz kimi, dekabrın 9-da Bakıxanov qəsəbəsində yerləşən villaların birində partlayış baş verib.
NOCOMMENT.az azerbaycan24.com-a istinadən xəbər verir ki, hadisə su hovuzunda qaynaq aparatını işə salan zaman baş verib. Hadisə nəticəsində iki usta müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 1982-ci il təvəllüdlü kişi Sabunçu Tibb Mərkəzində həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.
Vəfat edən usta 43 yaşlı Yadigar Məmmədov olub. Mərhum əslən Lənkəran rayonundan idi. Yaxınlarının redaksiyamıza bildirdiyinə görə, onun ömür yolu dünyaya göz açdığı ilk gündən məşəqqətli keçib.
O dünyaya göz açarkən anası Zahidə xanım ən böyük fədakarlığı etmiş, həkimlərin “ya sən, ya körpə” seçimi qarşısında tərəddüd etmədən övladını seçmişdi. Yadigar anasının son nəfəsi ilə ilk nəfəsini almışdı. O, bir ömür boyu ana nəvazişinə həsrət böyüsə də, bu boşluğu qəlbində böyük bir mərhəmətə çevirə bilmişdi. İlk göz ağrısına, qızına itirdiyi anasının adını — Zahidə ismini verərkən sanki o müqəddəs ruhu yenidən yaşatmaq, “ana”sının sədasını evində eşitmək istəmişdi.
Yadigar yalnız zəhmətkeş ata deyildi — milli ruhda, vətən sevgisi ilə yaşayan bir insan idi. Övladlarını şəhid ailələrinə aparar, onlara vətənin anlayışını əyani göstərərdi. Tez-tez Polad Həşimovun anası Səmayə xanımı ziyarət edərək əllərindən öpərkən bəlkə də, görmədiyi, doymadığı öz anasının istisini, qoxusunu axtarırdı… 44 günlük Vətən müharibəsində öz halal qazancı ilə kiçik də olsa öz büdcəsindən cəbhəyə dəstək olarkən ruhundakı o böyük vətəndaşlıq borcunu ödəyirdi.
Qızları Zahidə və Yağmur hər axşam atasının qapıdan içəri girib onları bağrına basmasını səbirsizliklə gözləyirdi. Bu gün isə həm həyat yoldaşı Qəmər xanımın, həm də qızlarının gözləri qapıda qalıb. Anası Zahidə xanıma qovuşan Yadigar usta bu dəfə qızı Zahidədən əbədi uzaq düşdü..
Qeyd edək ki, partlayışın baş verdiyi villanın sahibi Təyyar Bağırovdur. O, DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin Xüsusi Təyinatlı Təlim Mərkəzinin rəisi, general-mayor Səhlab Bağırovun qardaşıdır.





