AZ

Şok: ''Qalatasaray'' fanatları Monako şahzadəsinin oğlunu döyübmüş!

Məlum olduğu kimi, ötən həftəiçi Çempionlar Liqasında ''Qalatasaray'' səfərdə ''Monako''ya minimal hesabla boyun əydi. ''Cim-Bom'' fanatları səfərdə olmalarına baxmayaraq gözəl ab-hava yaratmış və stadionu sanki ''Rams Park''a çevirmişdilər. Bu arada bu qarşılaşma ilə bağlı çox maraqlı bir xəbər yayılıb. Sən demə ''II Lui'' stadionunda oyunu VİP-lojadan izləyənlər arasında Monako knyazlığının üzvü, şahzadə Stefaniyanın oğlu Lui Dyukrue də var imiş. Matçın ardından Dyukrue iki dostu ilə birlikdə stadionu tərk etməyə hazırlaşarkən onunla iki türkiyəli fanat arasında əməlli-başlı dava dalaş düşübmüş. Bu xəbəri, hadisənin detallarını və məhkəmənin qərarını şənbə günü Monakoda işıq üzü görən ''Monako-Matin'' nəşri yayıb. Məsələ o qədər ciddi olub ki, tərəflər hətta bir-birilərinə fiziki xəsarət də yetiriblər! Davanın ardından xəstəxanadan 2-4 gün işə çıxa bilməməklə bağlı kağız alan 33 yaşlı Dyukrue bunları deyib: ''Üzümə, sinəmə və qollarıma bir neçə yumruq zərbəsi dəydi. Açığı həyatım üçün qorxdum və daha da pis duruma düşəcəyimdən çəkindim''. Məsələ ilə bağlı cümə günü tezləşdirilmiş məhkəmə keçirilib. Saxlanılan iki türkiyəli azarkeşdən biri ifadəsində aqressiv davranmadığını deyib: ''Biz heç nə etmirdik. Xalam oğlu ilə türkcə söhbət edirdik. Birdən kimsə bizə yaxınlaşaraq itələdi. Ardından Lui Dyukrue mənim boğazımdan tutdu''. Lui Dyukrue buna cavab olaraq bunları deyib: ''Məqsədim sadəcə davanın böyüməsinin qarşısını almaq idi. Onu boynundan yox, gövdəsindən tutdum və dostumu qorumağa çalışdım''. Məhkəmə adları açıqlanmayan iki Türkiyə vətəndaşına iki aylıq şərti həbs cəzası verib. Onların 3 il müddətinə Monakoya girişinə qadağa qoyulub. Eləcə də onlar zərərçəkmişlərin hər birinə 1000 avro təzminat ödəməli olacaqlar.

Seçilən
65
2
football-plus.az

3Mənbələr