AZ

Meloni: Avropa Trampın yeni təhlükəsizlik strategiyası ilə barışmalı olacaq...

İtaliya baş naziri Vaşinqtonun qitədən geri çəkilmək niyyətini açıq mesaj kimi qiymətləndirib...

Poliqon xəbər verir ki, İtaliyanın baş naziri Corcia Meloni ABŞ prezidenti Donald Trampın açıqladığı yeni təhlükəsizlik strategiyasının Avropanı öz müdafiə imkanlarını gücləndirməyə məcbur etdiyini bildirib. Bloomberg Agentliyinin yazdığına görə, Meloni hesab edir ki, sənəd Vaşinqtonun Avropa məsələlərindən mərhələli şəkildə geri çəkilmək niyyətini açıq şəkildə ortaya qoyur.

Roma şəhərində keçirilən partiya tədbirində proqram xarakterli çıxış edən Meloni Avropaya sərt mesaj verib.

“Nə deyə bilərəm? Sabahınız xeyir, Avropa. Sabahınız xeyir! Biz 80 il ərzində təhlükəsizliyimizin təminini ABŞ-yə autsorsinq etmişdik və elə bilirdik ki, bu gün heç vaxt gəlməyəcək. Amma ən vacibi, biz özümüzü elə aparırdıq ki, guya bunun heç bir qiyməti yoxdur”, deyə İtaliyanın baş naziri bildirib.

Eyni zamanda Meloni vurğulayıb ki, Avropa özünü faydasız və ağır bir yük kimi təqdim olunmuş vəziyyətlə barışmamalıdır. Onun sözlərinə görə, Avropa,  hətta onu idarə edən institutlardan belə, mövcudluq üçün icazə istəməyən canlı bir sivilizasiyadır.

“Biz tərəfdaşlarına sadiq, amma heç kimə tabe olmayan İtaliya görmək istəyirik”, deyə Corcia Meloni vurğulayıb.

Baş nazir əlavə edib ki, məhz bu səbəbdən İtaliya ilk gündən Ukraynanı dəstəkləyib və bu siyasət davam edəcək: “Bu, təkcə ədalət hissindən irəli gəlmir, hər şeydən əvvəl milli maraqlarımızın və təhlükəsizliyimizin qorunması üçündür”.

Bloomberg qeyd edir ki, 2027-ci ilə qədər ümumi seçkilərə hazırlaşan Meloni eyni zamanda hökumət koalisiyasının Ukraynaya yardım məsələsində fikir ayrılıqlarına baxmayaraq birliyini qoruduğunu da vurğulayıb. Baş nazirin fikrincə, Avropada dəyişən təhlükəsizlik arxitekturası fonunda İtaliyanın mövqeyi həm prinsipial, həm də praqmatik olmalıdır.

Poliqon.info

Seçilən
112
21
poliqon.info

10Mənbələr