Qəzza müharibəsindən sonra ölkədə antisemit hücumların kəskin artması yəhudi icmasında dərin qorxu yaradıb...
Poliqon xəbər verir ki, Reuters Agentliyinin yazdığına görə, Sidneydə Hanuka bayramı zamanı törədilən terror aktı Avstraliya yəhudiləri üçün faciəvi, lakin gözlənilməz olmayıb. Qəzza zolağında müharibə başlayandan sonra ölkədə antisemit hadisələrin sayı kəskin şəkildə artıb və bu, yəhudi icması üçün təhlükəsizliklə bağlı ciddi narahatlıqlar yaradıb.
Agentlik bildirir ki, son aylarda Avstraliyada yüzlərlə antisemit insident qeydə alınıb. Bunlara yandırma cəhdləri, molotov kokteyllərinin atılması, antisemit qrafitilər və nifrət zəminində təhdidlər daxildir. Bu prosesin kulminasiya nöqtəsi Sidneydə, Bondi çimərliyində Hanuka bayramının qeyd olunduğu vaxt baş verən silahlı hücum olub. Hadisə nəticəsində azı 12 nəfər həyatını itirib.
Reuters qeyd edir ki, bu atışma Avstraliya yəhudilərinin uzun müddətdir yaşadığı qorxunu təsdiqlədi: onlar artıq özlərini təhlükəsiz hiss etmirlər. Son hesabatlara əsasən, ötən il ərzində ölkədə təxminən 1600 antisemit hadisə qeydə alınıb. Onların arasında yəhudi uşaq bağçasının yandırılması və binaya antisemit yazıların çəkilməsi də var.
Məlumata görə, valideynlər uşaqlarını yəhudi uşaq bağçalarına aparmaqdan çəkinir, yəhudi məktəbləri isə əlavə mühafizə işçiləri tutmağa məcbur qalır. Bu vəziyyət icma daxilində psixoloji gərginliyi daha da artırıb.
Avstraliya Yəhudiləri İcra Şurasının rəhbəri Aleks Rivçin Sky News telekanalına açıqlamasında bildirib ki, baş verənlər yəhudi icmasının “ən pis qorxularını” doğruldub.
“Bu, uzun müddətdir yetişirdi və indi baş verdi”, deyə Rivçin vurğulayıb.
Sidneydəki Mərkəzi sinaqoqun ravvini Levi Volf isə Reuters-ə bildirib ki, “qaçılmaz olan baş verdi”. Onun sözlərinə görə, Avstraliyada yəhudi olaraq yaşamaq artıq daimi ehtiyatlılıq tələb edir.
Poliqon.info