AZ

ABŞ-də Braun Universitetində atəş açmaqda şübhəli bilinən şəxs saxlanılıb

Providensdə baş verən silahlı hücum nəticəsində iki nəfər ölüb, doqquz nəfər yaralanıb…

Poliqon xəbər verir ki, ABŞ-nin Rod-Ayland ştatının Providens şəhərində yerləşən Braun Universitetində baş verən silahlı hücumla bağlı şübhəli şəxs saxlanılıb və hazırda nəzarət altındadır. Reuters Agentliyinin məlumatına görə, hüquq-mühafizə orqanları hadisədən sonra qaçan şəxsi müəyyən edərək onu həbs edib.

Qərb mediası şübhəli şəxsin 24 yaşlı ABŞ ordusunun veteranı Bencamin Erikson olduğunu yazır. Bildirilir ki, o, əvvəllər Viskonsin ştatında yaşayıb. Hərbi rəsmilər jurnalistlərə açıqlamalarında Bencamin U. Erikson adlı şəxsin 2021-ci ilin mayından 2024-cü ilin noyabrına qədər ABŞ ordusunda piyada kimi xidmət etdiyini, “mütəxəssis” rütbəsində ordudan tərxis olunduğunu və döyüş zonasına göndərilmədiyini təsdiqləyiblər. Bununla belə, mənbələr saxlanılan şəxsin məhz universitetdəki atışmada şübhəli bilinən şəxs olub-olmadığını dəqiqləşdirə bilmədiklərini bildiriblər.

Providens polisinin rəisi Oskar Peres mətbuat konfransında saxlanılan şəxsin təxminən 20 yaşlarında olduğunu deyib, lakin istintaqın gedişi ilə bağlı əlavə məlumat verməkdən imtina edib.

Qeyd edək ki, Braun Universitetində silahlı hücum dekabrın 13-də baş verib. Hadisə nəticəsində iki nəfər həlak olub, doqquz nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Qurbanların demək olar ki, hamısının universitet tələbələri olduğu bildirilir. Media məlumatlarına əsasən, yaralılardan yeddisinin vəziyyəti ağır qiymətləndirilir. Hücumu törədən şəxs hadisədən sonra qaçaraq gizlənmiş və axtarışa verilmişdi.

Poliqon.info

Seçilən
71
poliqon.info

1Mənbələr