AZ

Rusiyada saxta sürücülük vəsiqəsi alıb Azərbaycanda bir neçə dəfə dəyişdirdi - MƏHKƏMƏ

Qəbələ Rayon Məhkəməsində bilə-bilə saxta sənədlərdən istifadə etmədə təqsirləndirilən Ümid Baxşıyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abbas Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona 2000 manat cərimə növündə cəza təyin edilib.


İttihama görə, Ümid Baxşıyev nəqliyyat vasitəsini idarə etmək hüququ verən sənəd kimi Rusiya Federasiyasına məxsus saxta sürücülük vəsiqəsini pul müqabilində əldə edib. Məlum olub ki, həmin vəsiqə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən, istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə, mətbəə çap üsulu ilə deyil, printer vasitəsilə hazırlanıb, eyni növ rəsmi sənədlərin nümunələrinə uyğun gəlməyən, tam saxta sənəd olub.


Sözügedən saxta sürücülük vəsiqəsi “B, B1, C, C1, M” kateqoriyalı olub və təqsirləndirilən şəxs bu sənədi Azərbaycan Respublikasında orijinal sürücülük vəsiqəsi almaq məqsədilə istifadə edib.


Belə ki, Ümid Baxşıyev 2022-ci il tarixdə Qəbələ “ASAN Xidmət” mərkəzində, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə Rusiya Federasiyasına aid sürücülük vəsiqəsini təqdim edib. Nəticədə saxta sənəd əsasında Azərbaycan Respublikasına məxsus B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsini əldə edib.
 

Araşdırmalarla müəyyən edilib ki, təqsirləndirilən şəxs bununla kifayətlənməyərək həmin sürücülük vəsiqəsinin müddətinin uzadılması məqsədilə həmin saxta Rusiya Federasiyasına aid sürücülük vəsiqəsindən təkrar istifadə edib. Bu məqsədlə o, 2023-cü il tarixdə yenidən Qəbələ “ASAN Xidmət” mərkəzində müvafiq məntəqəyə həm Azərbaycan Respublikasına aid sürücülük vəsiqəsini, həm də Rusiya Federasiyasına məxsus saxta sürücülük vəsiqəsini təqdim edib və saxta olduğunu bilə-bilə istifadə etməklə yeni sürücülük vəsiqəsi alıb.


Bundan sonra Ümid Baxşıyev yeni aldığı sürücülük vəsiqəsinin müddətinin uzadılması məqsədilə eyni saxta sənəddən üçüncü dəfə istifadə edib. Belə ki, 2024-cü il tarixdə Qəbələ “ASAN Xidmət” mərkəzində yerləşən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan şöbəsinin məntəqəsinə saxta Rusiya Federasiyasına aid sürücülük vəsiqəsini təqdim edərək, saxta olduğunu bilə-bilə ondan təkrar istifadə edib.


İstintaq orqanı tərəfindən toplanmış sübutlara əsasən, təqsirləndirilən şəxsin bu hərəkətləri ilə rəsmi sənədlərin saxtalaşdırılması və saxta sənədlərdən istifadə edilməsi faktı təsdiqini tapıb.


Qeyd olunanlara görə, Ümid Baxşıyev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq ittiham irəli sürülüb.

Kamal Məmmədov 

Tarix: 15 Dekabr 2025, 08:27   
Seçilən
99
pravda.az

1Mənbələr