AZ

Mütəxəssis: Neft kəmərlərinin korroziyadan mühafizəsi üçün yeni texnologiyaların tətbiqi zəruridir

Bakı, 15 dekabr, AZƏRTAC

Dünyada mövcud olan neft və qaz boru kəmərlərinin korroziyadan mühafizəsi işini səmərəli şəkildə təşkil etmək üçün yeni texnologiyaların tətbiqi zəruridir. Bu üsulla həm itkilərin qarşısı alınar, həm də ekologiyaya dəyən zərər aradan qaldırılar.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “Emerson” şirkətinin Azərbaycan və Türkiyə üzrə nümayəndəsi Bilgehan Karakuş deyib. O bildirib ki, Materialların Mühafizəsi və Performansı Assosiasiyasının məlumatına əsasən, yalnız neft-qaz sənayesində korroziya nəticəsində yaranan itkilərin qarşısı alınmasa, iqtisadi zərər 1 milyard ABŞ dollarını keçərək ətraf mühitə “sağalmaz yara” vura bilər.

Şirkət nümayəndəsi neft-qaz sənayesində korroziya risklərinin idarə olunmasında mövcud yanaşmaların üstünlükləri və çatışmazlıqları barədə məlumat verərək bildirib ki, kapital xərcləri yanaşması çərçivəsində korroziyaya qarşı daha davamlı metallardan istifadə etmək mümkündür: “Operativ xərclər baxımından isə müxtəlif inhibitorlardan yararlanmaq olar. Lakin yanaşmaların heç biri problemin tam həlli deyil. Korroziya və eroziya prosesləri monitorinq olunmadıqda, istehsal təhlükəsizlik məqsədilə maksimum tutumdan aşağı səviyyədə saxlanılır və bu da prosesin suboptimal işləməsinə səbəb olur. Nəticədə gözlənilməz dayanmalara rast gəlinir ki, bu da şirkətlərə milyonlarla dollar zərər vura bilər. Bəzi hallarda bu cür dayanmalər təkrarlanır, çünki ardıcıl olaraq yeni sızmalar aşkar edilir”.

Mütəxəssis vurğulayıb ki, “Səmərəli həll yolu risklərin monitorinqindən başlanır. Bu sahədə qaz sızmasının aşkarlanması, boru daxilində quraşdırılan korroziya zondları, kuponlar, eləcə də ER və LPR (elektrorezistiivliik və xətti poliarizasiya müqaviməti) metodlarından istifadə edilə bilər. Bu üsullar boru kəmərinin daxilindəki korroziya səviyyəsini müəyyən etməyə imkan verir".

Onun fikrincə, “Emerson” şirkəti hesab edir ki, problem qeyri-invaziv ultrasəs divar qalınlığı ölçmə (UT) texnologiyası ilə aradan qaldırıla bilər: “Bu həll onlayn və simsiz formada tətbiq olunur. UT ölçmələri vasitəsilə borunun divar qalınlığı, korroziya sürəti və istismar müddətinin sonuna qədər qalan resurs müəyyən edilir. Şirkət təmsilçisi qeyd edib ki, mövcud ölçmələr analitik platformalara, o cümlədən "AspenTech" proqram təminatına inteqrasiya oluna bilər. Buraya təzyiq, temperatur və xəttdaxili korroziya zondlarından alınan məlumatlar da əlavə olunur. Nəticədə daha geniş analiz və dəqiq proqnozlar əldə edilir.

Analitik nəticələr korroziya mühəndisləri, texniki xidmət mütəxəssisləri, proses mühəndisləri və qurğu menecerləri üçün fərqli ekran və hesabatlar şəklində təqdim olunur. Məsələn, korroziya mühəndisləri əsasən texniki göstəricilərlə maraqlanırsa, qurğu menecerləri üçün isə xərclər, itkilər, investisiya gəlirliliyi və istehsalın nə vaxt dayandırılmalı olduğu daha önəmlidir.

Mütəxəssis vurğulayıb ki, bu yanaşma korroziya risklərinin real vaxt rejimində idarə olunmasına, planlaşdırılmamış dayanmaların azalmasına və ümumilikdə istehsalın daha təhlükəsiz və səmərəli təşkilinə imkan yaradır.

Seçilən
34
1
azertag.az

2Mənbələr