AZ

ABF-nin vitse-prezidenti: Azərbaycan basketbolunda inkişafın hiss olunduğu bir ili geridə qoyuruq

Bakı, 15 dekabr, AZƏRTAC

Bu il qadınlardan ibarət 3x3 basketbol millimizin uğurlarını xüsusi qeyd etmək istərdim.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) vitse-prezidenti Fərrux Mahmudov 2025-ci ili dəyərləndirərkən deyib.

Azərbaycanın 3x3 basketbol yığmasının ardıcıl üçüncü dəfə İslam Həmrəyliyi Oyunlarının qalibi olmasını xatırladan qurum rəsmisi bunun böyük uğur olduğunu söyləyib: “Milli komanda mötəbər yarışlardan sayılan Avropa Kubokunda iştirak edib və qitənin ən güclü ikinci qadın yığması ünvanına yiyələnib. Eyni zamanda, yeniyetmə qızlardan ibarət basketbolçularımız MDB Oyunlarında gümüş medalların sahibi olublar. Avropa çempionatının B Divizionunda çıxış edən qızlardan ibarət U-18 yığmamız haqqında da danışmaq istəyirəm. Onların belə önəmli yarışda 12-ci yeri tutması da qadın basketbolunda müəyyən irəliləyişin göstəricisidir. Cari mövsüm üç komandamız – “Neftçi”, “Abşeron Lions” və “Sabah” avrokuboklarda çıxış edib və bir neçə qələbə qazanıb. “Sabah”ın Çempionlar Liqasında mübarizəsi davam edir və növbəti mərhələyə yüksəlmək şansı var. Ümumilikdə, inkişafın hiss olunduğu bir ili geridə qoyuruq”.

Seçilən
155
azertag.az

1Mənbələr