Xarici ticarətin tənzimlənməsi sahəsində dövlət idarəetmə mexanizminin təkmilləşdirilməsi, dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin səmərəli şəkildə əlaqələndirilməsi, o cümlədən idxal-ixrac, tranzit, nəqliyyat və logistika əməliyyatları üzrə vahid giriş imkanı əsasında tam rəqəmsal mühitin yaradılması və yük axınlarının “ağıllı” idarə edilməsi sisteminin tətbiqi məqsədilə “Bir pəncərə” informasiya sistemi yaradılıb.
Aznews.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
Müəyyən edilib ki:
xarici ticarət fəaliyyətinin həyata keçirilməsi ilə bağlı Sistem vasitəsilə aşağıdakılar təmin edilir:
-tələb olunan sənədlərin, o cümlədən kommersiya və nəqliyyat sənədlərinin təqdim edilməsi;
-nəqliyyat vasitələrinə və daşınan mallara dair tələb olunan sənədlərin və məlumatların elektron qaydada tərtib edilməsi;
-sərhədkeçmə prosedurları, daşıma qaydaları və şərtləri ilə bağlı məlumat verilməsi, eləcə də istifadəçilərin müraciətlərinin qəbulu və cavablandırılması;
-yükdaşıma müqavilələrinin elektron qaydada bağlanılması, eləcə də bağlanılmış müqavilələrin təqdim olunması;
-daşınan yüklərin bütün hərəkət marşrutu boyunca izlənilməsi;
-ödənişlər aparılması, eləcə də həmin fəaliyyətlə bağlı statistik məlumatların əldə edilməsi;
Sistemin sahibi funksiyalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti, operatoru funksiyalarını isə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.