Bakı, 15 dekabr, AZƏRTAC
Nyu-Yorkun hakimiyyət orqanları Sidney çimərliyində baş verən hücumdan sonra “Hanuka” bayramı zamanı təhlükəsizliyi təmin etmək üçün şəhərə əlavə polis qüvvələri yerləşdirmək qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərinin meri Erik Adams bu barədə özünün sosial media hesabında yazıb.
Yəhudilərin şam və işıq festivalı olan “Hanuka” səkkiz gün davam edir. Yəhudi təqviminə görə başlayan bayram bu il dekabrın 14-22-də qeyd olunacaq.
Xatırladaq ki, dünən yəhudilərin “Hanuka” bayramı zamanı Sidney çimərliyində atışma baş verib. Son məlumatlara görə, hadisə nəticəsində ölənlərin sayı 16-ya çatıb, daha 42 nəfər xəstəxanaya yerləşdirilib.