AZ

Azərbaycanın tədiyyə blansının saldosunda 1 milyard 125 milyon dollarlıq kəsir

2025-ci ilin 9 ayında tədiyə balansı1 qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 3.0 mlrd.$ həcmində profisit formalaşmış, kapital və maliyyənin hərəkəti balansı üzrə xalis xarici maliyyə aktivləri 4.5 mlrd.$, xalis maliyyə öhdəlikləri isə 0.4 mlrd.$ artmışdır.

Marja.az xəbər verir ki, bu, Azərbaycanın 2025-ci ilin 9 ayı üzrə Tədiyə balansında bildrilir. 

Hesabat dövründə cari əməliyyatlar balansının profisitinin ÜDM-ə nisbəti 5.4% təşkil etmişdir ki, bu da makroiqtisadi sabitlik baxımından müsbət haldır. Dövr ərzində ölkənin ehtiyat aktivlərinin reallaşmış hissəsi təqribən 1.1 mlrd.$ azalmışdır.

(Ehtiyat aktivlər - Cari əməliyyatlar balansında və kapital və maliyyənin hərəkəti hesabında baş vermiş əməliyyatların nəticəsi olaraq ölkənin strateji valyuta ehtiyatlarının artıb/azalmasını ifadə edir. Təcrübədə cari əməliyyatlar balansı profisitli olduqda, bu profisit kapital və maliyyənin hərəkəti hesabının kəsirini maliyyələşdirir. Əgər cari əməliyyatlar balansının profisiti kapital və maliyyənin hərəkəti hesabının kəsirini üstələyirsə, bu halda yaranmış fərq ehtiyat aktivlərini artıra bilər. )

Lakin, ölkənin strateji valyuta aktivləri dövrün sonuna 10.5 mlrd.$ artaraq 81.5 mlrd.$-a çatmışdır ki, bu da ölkənin makroiqtisadi dayanıqlılığının daha da gücləndiyini göstərir. Bu dövrdə xam neftin orta qiyməti 70.1 $/barel olmuşdur.

CARİ ƏMƏLİYYATLAR BALANSI (CƏB) 2025-ci ilin 9 ayı üzrə cari əməliyyatlar hesabının profisiti 3.0 mlrd.$ və ya ÜDM-in 5.4%- ni təşkil etmişdir (2024-cü ilin 9 ayı üzrə 4.0 mlrd.$ profisit olmuşdur). Neft-qaz sektoru üzrə CƏB-in profisiti ötən ilin müvafiq dövrünə nəzərən (ö.i.m.d.n.) 3.7% daralaraq 10.7 mlrd.$, qeyrineft-qaz sektoru üzrə CƏB-in kəsiri isə 7.5% artaraq 7.7 mlrd.$ məbləğində olmuşdur.

Xarici ticarət balansı 2025-ci ilin 9 ayı üzrə xarici ticarət dövriyyəsi 30.8 mlrd.$ təşkil etmiş, neft-qaz sektoru üzrə 14.0 mlrd.$ həcmində profisit qeyri-neft-qaz sektoru üzrə 8.4 mlrd.$ həcmində kəsiri bağlamışdır. Nəticədə hesabat dövründə xarici ticarət balansında 5.6 mlrd.$ həcmində profisit yaranmışdır. 2025-ci ilin 9 ayında Azərbaycanın dünyanın 179 ölkəsi ilə ticarət əlaqələri olmuşdur. Xarici ticarətin 12.1%-i MDB üzvü olan ölkələrin, 87.9%-i isə digər xarici ölkələrin payına düşüb.

Əmtəə ixracı. Hesabat dövründə əmtəə ixracı 5.6% azalaraq 18.2 mlrd.$ təşkil etmişdir. Dövr ərzində əsasən dünya bazarlarında xam neftin və təbii qazın qiymətlərinin əlverişli olması şəraitində neft-qaz sektoru üzrə ixracın həcmi 15.7 mlrd.$ olmuşdur. İxrac olunmuş neft-qaz məhsullarının (15.7 mlrd.$) 9.6 mlrd.$-ı xam neftin, 5.6 mlrd.$-ı təbii qazın, 0.5 mlrd.$-ı isə neft emalı məhsullarının payına düşür. Hesabat dövründə qeyri-neft-qaz ixracı üzrə müsbət meyllər müşahidə olunmuşdur. Nəticədə müvafiq dövr üzrə qeyri-neft-qaz ixracı 6.1% artaraq 2.5 mlrd.$ təşkil etmişdir.

Əmtəə idxalı. 2025-ci ilin 9 ayı üzrə əmtəə idxalı ö.i.m.d.n. 2.7% artaraq 12.6 mlrd.$ təşkil etmişdir. Hesabat dövründə istehlak mallarının idxalının ümumi dəyəri isə 5.1 mlrd.$ olmuş, bunun da 1.8 mlrd.$-ı ərzaq məhsullarının payına düşür. Qeyri-neft-qaz sektoru üzrə idxal 3.9% artaraq 10.9 mlrd.$ olmuşdur. Qeyri-neft-qaz idxalının strukturunda: uçuş aparatlarının (8.6 dəfə); tərəvəz məhsullarının (46.3%); minik avtomobillərinin (29.5%); alkoqollu və alkoqolsuz içkilərin (21.9%); ətir və kosmetik vasitələrin (12.9%); elektrik maşınlar və aparaturanın (7.3%); tütün və tütün məhsullarının (7.2%); bitki yağlarının (6.8%); qazanlar, avadanlıq, mexaniki qurğuların (6.2%); traktorların (4.2%); şəkərin (3.1%); kağız məmulatlarının (2.2%) və dənli bitkilərin (1.6%) idxalı artmışdır. Bu dövrdə qeyri-neft-qaz idxalının strukturunda: turboreaktiv mühərriklərin (96.4%); gəmilər, qayıqlar və üzən konstruksiyaların (47.4%); mexaniki kürək və ekskavatorların (47.3%); kommutasiya qurğularının (39.5%); dəmiryol nəqliyyat vasitələrinin (39.1%); yük avtomobillərinin (30.9%); daxiliyanma mühərriklərinin (23.5%); hesablama maşınlarının (23.2%); daş və şüşə məmulatlarının (6.9%); mebel mallarının (6.7%); ağac məmulatlarının (6.5%); metalların (5.3%); sabun və yuyucu vasitələrin (3.8%); kran, klapan, boru kəməri armaturlarının (3.4%) və əczaçılıq məhsullarının (1.0%) idxalı isə azalmışdır. İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 3.7% təşkil edərək 0.5 mlrd.$ olmuşdur.


Seçilən
37
1
marja.az

1Mənbələr