AZ

Osman Sarıvəlli dünyasına BİR SƏYAHƏT

Sherg.az saytına istinadən ain.az xəbər verir.

Osman Sarıvəlli-120

Bu il dekabrın 17-də xalq şairi Osman Sarıvəllinin120 yaşı tamam olur. Doğrusu XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, təkrarsız poeziyaya, zəngin yaradıcılıqirsinə malik bu ustad sənətkarın anadan olmasının yubileyinin keçirilməsi haqqında müvafiq hökumət qərarının olması təqdirəlayiq olardı. Osman Sarıvəlli yaradıcılığı etibarı ilə Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Mikayıl Müşfiq kimi poeziya bahadırları ilə eyni dövrdə yaşamış və yazmış, XX əsr Azərbaycan poeziyasının yaradıcıları sırsındadır.

...Bircə könül verdi mənə bu yerlər,

Odur ki, adıma şair deyirlər.

Şeir məclisində sevirlər məni,

Lakin nə ad məni, nə hünər məni,

Əsir eləmədi... əsir olma heç...

-deyərək hələ gənc yaşlarında adın, şöhrətin, imtiyazın əsiri olmadığını yazsa da, düşünürəm ki,onun zəhmətdən yoğrulmuş ömür yolu, şəxsiyyəti və yaradıcılığı istər ədəbi gənclik, istərsə də ümumilikdə Azərbaycan ziyalısı üçün örnək bir ömür olduğundan, şairin həm yaradıcılığı, həm də həyatı dövrü olaraq tədqiq olunmalı, bu vaxtadək diqqət yetirilməmiş və tədqiqi edilməmiş məqamları, rəng və çalarları aşkar edilməli və müasir oxuculara çatdırılmalıdır.

Osman Sarıvəlli şəxsiyyətinə həmişə dərin hörmət bəslədiyim və yaradıcılığını ən çox sevdiyim şairlərdəndir. Yeniyetmə və gənclik yaşlarımdan onun”Ay mamoğlu”, “Bu yerlər”,”Günah onun özündədi”, “Dərdin alım” və s.şeirləri aşıqların dilindən eşitdiyim, ən çox sevdiyim və yaddaşıma köçmüş şeirlərdən idi. Doğrusu onun yaradıcılığı həmişə məni düşündürmüş, lakin müraciət etməyə cürət etməmişdim. Bu yazını yazmağa da məni dostum, görkəmli ədəbiyyatşünas alim, professor Rüstəm Kamal sövq etdi. Düşündük ki, ürəkdən gələn və səmimiyyətdən doğan bu yazı ustad şairin 120 iilik yubileyinəbir növ hədiyyə olar.

Həyatının uşaqlıq və yeniyetmə dövrü, yradıcılığının ilk illəri XX əsrin müharibələr və inqilablarla müşayət olunan mürəkkəb, ziddiyyətlərlə və təbəddülatlarla dolu bir dövrünə düşüən,sonradan məşum repressiya illəri ilə müşayət olunan yaşantıları şairinyaradıcılığından yan keçməmiş, bütün ağrı-acıları, hiss və duyğuları incəliyi və kövrəkliyi ilə oz poetik əksini tapmışdır.“Yaşadım çöllərdə on il, on beş il,

Yağışda, yağmurda günüm olmadı” deyən şair, məşhur “Bənövşə” şeirində ömrününürək dağlayan yeniyetmə çağlarını aşağıdakı poetik ifadələrlə təsvir edir:

Dumanlı səhərlər, çənli axşamlar,

Olduqca məskənim, olduqca yuvam,

Yamaqlı şalvarım, yamaqlı çuxam,

Vüqarlı başımı saldı aşağı,

Çıxdı gözlərimə qəlbimin dağı...

Ələmdən, kədərdən qaça bilmədim,

Ciyərim həsrətlə alışdı, yandı,

Könlümü kimsəyə aça bilmədim,

Çırıq paltarımdan eşqim utandı.

Bu sətirləri oxuduqca şairin məhrumiyyət və məşəqqətlərlə dolu uşaqlıq və yeniyetmə çağları göz önündə canlanır.

Osman Sarıvəlli çoxşaxəli yaradıcılığa malik qüdrətli söz ustadı olmaqla müxtəlif mövzularda çox maraqlı poeziya nümunələri yaratmışdır. Şair yaradıcılığının ilk illərində ölkədə gedən ictimai-siyasi dəyişikliklər, inqilablar fonunda, bu hadisələrdən ruhlanan bir çox yaradıcı gənclər kimi həyatlarında tezliklə dəyişikliklərin baş verəvcəyinə inanır və bunlarıda yaradıcılığında əks etdirirdi.

İkinci Dünya Müharibəsi illərində Cənubu Azərbaycana ezam olunan şair, burda olduğu müddətdə xalqın yaşam tərzi, dolanışığı, məişəti və ağır həyat tərzi ilə yaxından tanış olan, həssa qəlbə, böyük duyğuya sahib olan şair, gördüklərini, şahidi olduqlarını ürək ağrısı ilə həmin ilərdə yazdığı “Aşığın ayrılıq mahnısı”, “Təbriz gözəli”, “Birinci dərs”, ”A dostlar “, “Dəvə karvanı”, “Körpə quzu” və digər şeirlərində yana-yana, böyük ürək ağrısı ilə qələmə almışdır. 

Osman Sarıvəlli həyatınını ayrı-ayrı məqamlarını, yaşantılarını öz əsərlərində ən çox əks etdirən müəlliflər sırasındadır. Əslində onun yaradıcılığına diqqət yetirsək, görərik ki, yaşadığı 85 iilik ömrü və yaradıcılığı ilə bir “Osman Sarıvəlli “dastaını yratmışdır və həmin dastanın baş qəhrəmanı da onun özüdür. Onun hər bir şeirində böyük şairin dastan ömrünün acılı-şirinli anları, məqamları qələmə alınmışdır. Bu sıradan onun “Atamın oğlu”, “Çobanın məktubları”, “Mənim ömrüm”, “Bənövşə”, “Tut ağacı” və digər şeirləri daha səciyyəvidir.

Aşıq sənətinə, saza-sözə, dastanlarımıza, aşıq havalarına , ümmumiyyətlə folklorumuza ilahi bir sevgi ilə bağlı olan ustad özü də gözəl saz çalmış, həmin dövrün aşıqları ilə dostluq eləmiş, aşıqlara, saz havalarına , silsilə şeirlər həsr etmişdir. “Ay mamaoğlu”, “Aşıq dostuma”, Əmrahın sazı”, ”O kimdir başımda çalır, çağırır”, “Sazın dərdi”,”Düşübdür”, ”De gəlsin “ və digər şeirləri son dərəcə səmimi, poetikv və maraqlı olmaqla, həm o dövr, həm də çağdaş aşıqlarımızın yaddaşına köçmüş, onların repertuarlarında yer almışdır.

Ustad sənətkar yaradıcılığında körpə balaları da unutmamış onlar üçün maraqlı və yada qalan ən gözəl poeziya nümunləri yaratmışdır. Buqəbildən onun yazdığı”Babam belə demişdi”, “Qızıl gül olun”,”Nə istəsə uşaqlar, bizim bağçamızda var”,”Qaranquş gələndə”, “Sığırçın”, “Bahar gələndə” və digər şeirləri uşaq şeirinin ən yaxşı nümunələridir.

Sözsüz ki, bu yazını yazmaqda məqsədim heç də Osman Sarıvəlli yaradıcılığını bütünlüklə təhlil etməkdən ibarət deyil və mənim heç ona qüdrətim də çatmaz. Bununla belə bu yazıda şairin yaradıcılığının zirvəsi hesab edilən ”Gətir, oğlum , gətir” poeması üzərində xüsusilə dayanmaq istəyirəm. 

Məlumdur ki, öyüd, məsəl, nəsihət xarakterli şeirlərin də daxil olduğu didaktik ədəbiyyat hələ qədim dövrlərdən Yaxın Şərqdə olduğu kimi Azərbaycanda da geniş yayılmış və ta qədimdən başlayaraq, bu günümüzə qədər gəlibçıxmışdır. O da məlumdur ki, bu janr ədəbiyyat nümunələrişifahi xalq ədəbiyyatında, xüsusilə aşıq poeziyasında daha çox rast gəlinir.Çağdaş aşıq poeziyasının görkəmli nümayəndələri və xalq şeiri üstündə poeziyaya gələn şairlər indinin özündə də nəsihətamiz poeziya nümunələri yaratmaqdadır. 

Min ilə yaxın bir müddətdir ki, varlığı ilə qürur duyduğumuz, öz əsərləri, şeir və poemaları, müdrik fikirləri ilə, aforizmləri və nəhayət dünya şöhrətli “Xəmsə”si ilə təkcə özümüzü deyil bütün bəşəriyyəti heyran qoyan, poeziyamızın peyğəmbəri Nizami Gəncəvinin müraciət etdiyi, poeziyamıza gətirdiyi mövzulardan biri, ən gözəl didaktik ədəbiyyat nümunəsi hesab edilən “Oğluma nəsihət”əsəridir. Əslində dahi şairin “Xəmsə”sinə daxil edilən bütün poemalarında gənclərə xitabən yazılmış ibrətamiz nəsihətlər öz əksini tapmışdır. Bunula belə düşünürəm ki, həmin nəsihətlərin ən ibrətamiz nümunəsi ”Leyli və Məcnun” poemasında yer alan “Oğlum Məhəmmədə nəsihət” əsəridir. Bu nəsihətnamələri iləNizami Gəncəvi əslində yazılı ədəbiyyatımıza yeni bir mövzu gətirmiş, ondan sonra bu mövzuda Xaqani Şirvani, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Qasım bəy Zakir, daha sonra Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm və digərləri maraqlı nümunələr yaratmışlar.

Osman Sarıvəlli şifahi xalq ədəbiyyatının, aşıq sənətinin, folklorun, xalq ruhunun geniş yayıldığı bir mühitdə, Qazax-Borçalı mahalının coğrafi mərkəzində yerləşən Şıxlı (Sarıvəlli) kəndində dünyaya göz açmış, böyümüş və yaradıcılığına da bu mühitin ciddi təsiri olmuş, əslində elə şifahi xalq ədəbiyyatı və aşıq şeiri üstə ədəbiyyata gəlmişdir. Bu baxımdan onun da didaktik janra müraciət etməsi təsadüfi deyil və düşünürəm ki, şairinyaradıcılığının zirvəsi hesab edilən “Gətir oğlum, gətir” poeması ilə bu janrın ən gözəl nümunələrindən birini yaratmışdır.Təsadüfi deyil ki, xalq şairi Bəxtiyar Vahabzadə bu poemanı “Xalq ruhunun himni” adlandırır və “Sovet dövrü Azərbaycan şeirinin şah əsəri” hesab edirdi.“Onun(Osman Sarıvəllinin.R.G.) "Gətir oğlum, gətir!" poeması XX əsr Azərbaycan poeziyasının şedevr nümunələrindən biridir və Osman Sarıvəllidən söz düşəndə bu əsərin adı həmişə birinci çəkilir. Səməd Vurğunun "Azərbaycan" şeirindən sonra vətən sevgisini ali hiss, müqəddəs duyğu səviyyəsində bu qədər ehtirasla tərənnüm etmək böyük istedadın qələbəsiydi”.(Prof. Vaqif Yusifli).

Bir qayda olaraq nəsihət və öyüdlər insanın, eləcə də şairlərinixtiyar yaşındayazılır. 1943-cü ildə,hələ körpə yaşlarında olan oğlu Babəkə müraciətən qələmə alınmış bu əsəri oxuduqca adama elə gəlir ki, əsər 38 yaşılı bir şairin yox, 80-85 yaşlı müdrik bir şairin nəsihətləridir. Əslində bu nəsihət böyük söz ustadının təkcə oğlu, körpə Babəkə deyil, bütünlüklə bütün övladlara , gənclərə ünvanlanmış nəsihətləridir. Əsərdə elə bir misra yoxdur ki, o fikir oxucunu düşüncələrə, xəyallara, uzaqlara aparmamış ola.Poema şairin oğluna maraqlı bir xatırlatması ilə başlayır və bu başlanğıcda əslində özu ilə oğlunu yaşadığı mühiti, yaşam tərzini müqayisələndirir:

Mən kənddə böyüdüm, sənsə şəhərdə,

Sən beşikdə yatdın, mənsə yəhərdə.

Yatdım boz otlaqda boz dovşan kimi...

Gözümüz dünyaya açılan kimi,

Mən çomaq götürdüm, sən kağız, qələm,

Çomaq bir aləmdir, qələm bir aləm...

Məzmun və həcm etibarı ilə fərqlənən, 13 hissədən ibarət bu poemada müəllif yüksək sənətkarlıq və poetik qüdrətlə oğlu körpə Babəkə həm öyüd verir, həm də qarısında müqəddəs vəzifələr müəyyənləşdirir. Əsəri oxuduqca şairin fikirlərinin vüsətinin şahidi olursam. Şairin xəyalında, arzularında balaca Babək tədricən böyüyür və böyüdükcə şairin ona qarşı arzu vəistəkləri də, həm də bu arzu istəklərlə yanaşı göləntiləri də böyüyür və bu vüsətə uyğun olaraq şairin nəsihətləri dəfərqlənir, daha da ibratəmiz xarakter alır:

Dolandı sənələr, dolandı aylar,

Gah dondu, gah coşdu, bulandı çaylar...

...Odur hey fırlanır bayaqdan bəri,

Girdablar içində saman çöpləri.

Onları seyr edib, düçündükcə sən,

Batıb burulğanda, itir gözündən.

Həyatın da belə girdabları var,

Qərq olur üzməyi bacarmayanlar...

Bu misralar şairin balaca, lakin xəyalında artıq böyümüş Babəkə ilk öyüdü kimi təqdim olunur. Üzməyi bacarmırsansa dəryaya baş vurma, sularda qərq olarsan.

Bu bir həqiqətdir ki,“Vətən” anlayışı hər bir fərdin ən incə və ən ali hisslərinin ünvanıdır. “Vətəni sevməyən insan olmaz, olsa da o şəxsdə vicdan olmaz”-deyirdi böyük maarifçimiz Abbas Səhhət. İkinci Dünya Müharibəsindən bəhs edən “Baharın 17-ci anı” adlanan çoxseriyalı filmə yazılmış, sözləri də, musiqisi də möhtəşəm olan bir mahnı var. “Nədən başlayır Vətən”? Mənə elə gəlir ki, Vətən hər kəsin anadan olduğu evdən, böyüdüyü həyətdən, küçədən, məhəllədən, kəndən,səni əhatə edən təbiətdən-dağdan, dərədən, çaydan, o məkanın iqlimindən, çəmənindən, çiçəyindən, insanlarından, mətbəxindən, adət-ənənəsindən, anasının laylasından, oxşamasından, musiqisindən, sənətkarlarından, sadaladıqca bitməyən maddi və mənəvidəyərlərdən başlayır. Bu dəyərlər sənə ananın südü və laylası ilə, atanın öyüdü, nəsihəti ilə təlqin olunur. Sən böyüdükcə bu maddi və mənəvi nemətlər, Vətən və onunla bağlı anlayışlar və bu anlayışların məcmusu olan Vətən məhəbbəti da səninlə birlikdə böyüyür, əvvəlcə sənin dünyaya gəldiyin mahalı, sonra bütöv Azərbaycanı əhatə edir. Zaman keçir, insan yaşa dolduqca, yaddaşında əbədi məskən salmış , qəlbinə hakim kəsilən o başlanğıc, səni qırılmaz tellərlə özünə bağlayır. Zaman –zaman o başlanğıca qayıtmaq, onu yaşamaq, həmin yaşantıları ifadə etmək istəyirsən. Vətən hissi hər bir fərddə, vətəndaşda heç nə ilə müqayisə olunmayacaq dərəcədəgüçlüdür. Lakin bu məhəbbəti hərə bir cür ifadə edir.Və hər bir valideynin də müqəddəs vəzifəsi övladına Vətəini sevdirmək, vətəni sevmək hissini ona aşılamaqdan ibarətdir. Və Vətəni sevməyin, onu sevdirməyiun də başlanğıcı ana südü , ana laylası, ata öyüdü , ata nəsihətidir. Bu sevginin bir yolu da onun nağıllarından, dastanlarından, bayatılarından, folklorundan xalq ədəbiyyatından keçir. Ustad sənətkarımız Osman Sarıvəlli də ən gözəl, ən ülvi və ən kövrək şeirləri məhz bu mövzuya həsr etmişdir.Lakin həmin hisslər poemada daha güclü, daha qabarıq, sadə, səmimi və poetik şəkildə təqdim olunur və poemanın bu hissəsinin sonunda müəllifin öyüdü atalar misalı kimi səslənir “Sən axtar çəkinmə, axtaran tapar” :

... Xalqın əzəməti, fikri, xəyalı,

Onun hissi zövqü, ağlı, kamalı,

Sanma bir qılıncda, bir hünərdədir,

Onlar bu sazlarda, bu sözlərdədir...

...Hər kiçik bayatı xalqın səsidir,

Kamal dünyasının xəzinəsidir,

Nağıllar dərindir bir ümman kimi,

Xəyal göylərində uç tərlan kimi,

“Boş əfsanələr”də də həqiqət ara,

Sən axtar çəkinmə, axtaran tapar.

Şair poemanın səçkizinci hissəsində oğluna daha bir hikməti nəsihət edir. O, təbiətin və cəmiyyətin hikmətlərlə zəngin olduğunu, sadəcə onu duymağın, dərk etməyin ən vacib məsələ olduğunu vurğulayır və ona qeyri-adilikləri duymağı nəsihət edir:

Bahar gecələri enib sahilə

Uçan ləpələrin səsini dinlə.

Geniş dalğalarda Ay baxan zaman,

Düşün gör nə deyir çay axan zaman.

Onun da dili var,quzum,danışdır,

O, çayda hər damla mənə tanışdır.

...Qanadım çaylardan aldı hünəri,

Ah!Duya bilsəydin bu hikmətləri?

Poemanı oxuduqca, şairin dilinin təmizliyinə, saflığına, sadəliyinə və gözəlliyinə qibtə etməli olursan. Müəllif nəsihətlərini təbiət təsvirləri ilə paralel ifadə edərək, metaforalarla, təşbehlərlə zənginləşdirməsi onun nəsihətamiz fikirlərini daha təsirli, daha anlaşılan və təlqin edici edir. Poemadan bir parçaya diqqət edək:

Odur, görürsənmi, ağ buludların,

Bəyaz yanağında qara xal süzür.

Xal deyil, vüqarlı bir qartal süzür.

Qəlbin qoy həsrətlə etməsin qübar,

Qartaldan, yüksəyə uçanlar da var.

Onlar öz ilhamım, öz xəyalımdır,

Bu mənim Günəşlə ilk vüsalımdır.

Quzum, könlüm kimi uçmaq istəsən,

Əzəl yaxşı bağlan, bu torpağa sən.

Təbiət vurğunu olan, təbiətin gözəlliklərini dərindən duyan, onu ilahi bir məhəbbətlə sevən, onun nemətlərinə-hər çiçəyinə, gülünə,yarpağına bütün qəlbi ilə bağlı olan şair, övladını da bu gözəlliyi duymağa, dərk etməyə, onu sevməyə dəvət edir. Müəllif yaxşı bilir ki, insanın cəmiyyətə hərtərəfli inkişafı üçün bu gözəlliklər da vacib şərtlərdəndir və həmingözəlliklər vətən deyilən məhfumun hissəcikləridir. Və şair həmin gözəllikləri səmimi və təmiz duyğularla, poetik ifadələrlə təqdim edərək oxucunu bu ifadələri ilə ovsunlayır, bu gözəllikləri sevməyi tövsiyyə edir:

Bir gün bu yerlərə dönüb gəlirkən,

Topla xumar gözlü bənövşələrdən.

Bir az geçikdinmi, nanə, üzərrik,

Özəkli baldırğan, çiçəkli yemlik,

Keşniş,kəklikotu, çobanəppəyi,

Lalə, xoruz gülü, qaymaq çiçəyi,

Qulançar, quzqulaq,tərə, köbələk,

Albalı, qarağat, moruq, çiyələk.

Bunlarşirin nemət, şirin diləkdir,

Sevməyən, sevməsin, mənə gərəkdir.

Qara qoç, boz qoyun, göy təpəl göndər,

Ağ ceyran dırnağı, maral buynuzu,

Qırqovul quyruğu, tovuz lələyi,

Ötürmə bunları, quzum , sən gətir.

Aydındır ki, təbiət dediyimiz Böyük Yaradan bütüncanlılarınən mükəmməli olaninsana dadoğub-törəmək, çoxalamq, nəsil artırmaq kimi möçüzəli bir imkan verib. Lakin digər canlılardan fərqli olaraq insantəkcə nəsil artırmaqla kifayətlənmir. Onun başlıca missiyası cəmiyyət üçün layiqli vətəndaş, layiqli övlad yetirməkdən ibarətdir. Ata-ana övlada təkcə nəsil davamçısı kimi yox, həm də onun gen yaddaşının, nəsil şəcərəsinin, arzularının və əməllərinin davamçısı, həyatının davamı kimi baxır.Məhz min illərdən bəri həm şifahi xalq ədəbiyyatında , həm də yazılı ədəbiyyatımızda öyüdlər, nəsihətlər bu ali məqsədə xidmət edir. Bu öyüd və nəsihətlər isə övladın şəxsində bütün gəncliyə ünvanlananda ictimailəşir, milliləşir, bəşəriləşir: 

Durma qonaq kimi,doğma elində,

Odur görürsənmi dağın belində.

Təkcə bir ağac var –armud ağacı.

Onu mən basdırdım öz əllərimlə-

Suvardım, bitirdim, əməllərimlə.

Onunla yanaşı bir şitil basdır,

Günbəgün boy atsın göylərə, uzun,

Onlar bizim kimi yanaşı dursun.

Poemanın finalı xüsusilə maraqlıdır. Şair əsərin sonunda oğlu Babəkin şəxsində gəncliyi daha böyük amallara səsləyir. Zəhməti, əməyi ön plana çəkir, çalışmağa çarpışmağa, yüksək məslək və

idellar uğrunda mübarizəyə, eyni zamanda xeyirxahlığa, insanlığa, məhəbbətə, sədaqətə və etibara səsləyir:

Kömürdən almaz çək, yarpaqdan ipək,

Daşdan gövhər çıxart, buluddan şimşək,

Gətir, ildırımın məğrur səsini,

Qumru bulaqların zümzüməsini.

Zəmilərdən sünbül, bağçalardan bar,

Dərələrdən vüsət, dağlardan vüqar.

Özünlə çiçəkli, güllü yaz gətir.

Gətir yollarına müntəzirəm mən,

Gətir bu fürsəti vermə əlindən.

Ana yurdumuzun nəyi var gətir,

Məhəbbət, sədaqət, etibar gətir.

Osman Sarıvəlli yaradıcılığına kiçik bir nəzər yetirmək deməyə əsas verir ki, o, hansı mövzuya müraciət edibsə, nədən yazıbsa əsərlərinin hamısnın dilı son dərəcə sadə və səimi, xalq ruhuna doğmadır. Onun əsərlərində dağ havasının saflığı, qayalardan süzülüb gələn dupduru bulaq suyunun sərinliyi var. Bu sadə və səmimilik, ürəyəyatımlılıq, həssalıq və duyumluq  müəllifinə ümumxalq sevgisi qazandırıb, həm şəxsiyyəti, həm də yaradıcılığı yaddaşlara köçüb. Mən çalışdım ki, ustad şairimizin yaradıcılığına bir səyahət etməklə onun əsas məqamləri barədə qısa da olsa müasir oxuculara məlumat verim. Məqsədimə çatdığımı oxucular deyə bilər.

 Şairin ruhuna ehtiramla .

Ramiz Göyüş,

 Yazıçı-publisist

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
50
sherg.az

1Mənbələr