AZ

Şərurlu İsfəndiyar: Ramiz Mehdiyevlə əlaqəsi olanları aidiyyəti qurum üzə çıxaracaq - MƏHKƏMƏ

BAKI, 15 dekabr. TELEQRAF

"Şərur MTK"nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrlik etdiyi prosesdə iddiaçının vəkili Asim Abbasov məhkəməyə elektron qaydada təqdim etdiyi vəsatəti səsləndirib.

Asim Abbasov qeyd edib ki, mütəxəssis rəyində yeyinti sözü yazılsa da, cinayət predmeti kimi Cinayət Məcəlləsinin müfaviq maddələrində əks olunsa da, iş üzrə tənqidi hal kimi yanaşılıb: "Həmçinin təqdim edilən rəydə dələduz sözünə toxunulmayıb. Eyni zamanda təhqiqat aparılmayıb. Videoda müəyyən məbləğlər səsləndirilsə də, bu barədə heç nə yazılmayıb.

Dilçilik İnstitutunun direktoru Ramiz Mehdiyevin vəzifədə olan zaman təyin edilib. Həmçinin bəzi media resurslarında Ramiz Mehdiyevlə İsfəndiyar Axundov arasında əlaqənin olması ilə bağlı yazılar dərc edilib. Bu da ona əsas verir ki, rəy qərəzlidir. Məhkəmədən rəyin sübutlar siyahısından çıxarılmasını xahiş edirəm".

Təqsirləndirilən şəxsin vəkili Ülvi Nəsibli bildirib ki, İsfəndiyar Axundovu Ramiz Mehdiyevlə əlaqələndirmək məsələsinə yumorla yanaşmaq lazımdır:
"O zaman Emil Səməndərovu da Ramiz Mehdiyevlə əlaqələndirmək olar. Çünki Emil Səməndərov 1200 vətəndaşın mənzilini bir neçə şəxsə satanda Ramiz Mehdiyev vəzifədə idi. Bu sadəcə olaraq cəfəngiyyatdır. Ramiz Mehdiyevin bizim işimizə heç bir aidiyyəti yoxdur".

Təqsirləndirilən şəxsin digər vəkili Şahbaz Kərimli məhkəməyə bildirib ki, sübut mötəbər olmalıdır:

"Ramiz Mehdiyev və İsfəndiyar Axundov arasında heç bir əlaqə olmayıb. Mötəbər sübut kimi hansısa yazını göstərmək olmaz. Ramiz Mehdiyev və İsfəndiyar Axundov arasında əlaqə, maliyyə bölüşməsi heç nə olmayıb".

Daha sonra təqsirləndirilən İsfəndiyar Axundov vurğulayıb ki, Ramiz Mehdiyevlə əlaqəsi olanları aidiyyəti qurum ortaya çıxaracaq:

"Dövlətimiz tərəfindən bu işdə lazimi şəxslərə qanuni cəzası veriləcək. Biz onlardan çox bilmirik".

Vəkil Asim Abbasov bildirib ki, mətbuatda dərc edilən yazılar yeni deyil, 2020-ci ildə dərc edilib və həmin zaman Ramiz Mehdiyev vəzifədə idi. Vəkil əlavə edib ki, məhkəmə istintaqı zamanı həm təqsirləndirilən şəxs özü, həm də övladı bizimlə danışıqlara getmək üçün və razılaşma ilə bağlı zənglər edib. Bununla bağlı səs yazıları da var. Tələbimiz etdiyiniz səhvin etiraf edilməsidir.

Daha sonra məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Prosesdə sənədlərin tədqiqi elan edilib.
Sənədlərin tədqiqi bitdikdən sonra məhkəmə istintaqı yekunlaşıb.

Vəkil Asim Abbasov çıxışa hazır olmadığını və çıxış üçün məhkəmədən vaxt istəyib.

Növbəti məhkəmə prosesi dekabrın 22-nə təyin edilib.

Xatırladaq ki, İsfəndiyar Axundovu “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov məhkəməyə verib.

Buna əsas kimi Axundovun onu yekun məhkəmə qərarı olmadan dələduz adlandırmasını göstərib. Buna görə də İ. Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İsfəndiyar Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.

Seçilən
74
14
teleqraf.com

10Mənbələr