Qarlı və buzlu hava şəraitində baş verən yol-nəqliyyat hadisələri zamanı sığorta ödənişlərinin edilib-edilməməsi sürücüləri maraqlandıran əsas məsələlərdəndir. Maraqlıdır, qarlı havada qəza baş verərsə, sığorta pul ödəyirmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, bu məsələ birbaşa sığorta müqaviləsinin şərtlərindən asılıdır.
“Qarlı və buzlu hava şəraiti bəzi hallarda sığorta şirkətləri tərəfindən fövqəladə hal kimi qiymətləndirilə və ödənişdən imtina edilə bilər. Bu cür hallar adətən sığorta müqaviləsində əvvəlcədən xüsusi bəndlərlə qeyd olunur. İcbari sığorta zamanı müştəri müqavilədə bütün risklərin, o cümlədən əlverişsiz hava şəraitində baş verən qəzaların əhatə olunmasını təmin edərsə, sığorta şirkəti ödəniş etməyə borcludur və bunu yerinə yetirir”.
Aslan Əsədovun sözlərinə görə, əgər sığorta şirkəti müqavilə şərtlərinə baxmayaraq ödənişdən imtina edərsə, məsələ məhkəmə müstəvisinə qədər gedib çıxa bilər.
Ekspert sürücülərə tövsiyə edib ki, sığorta müqaviləsi imzalanarkən bütün bəndlərə diqqətlə yanaşsınlar və qarlı, buzlu hava şəraitində baş verə biləcək riskləri əvvəlcədən nəzərə alsınlar.
Aynurə İsmayıl
KONKRET.az