AZ

Qazilərimizi xarici müharibəyə qoşulmağa nə vadar edir? - Rəy

Yazını böyüt
Yazını kiçilt

Ekspertlərin araşdırmalarına görə, Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə həlak olan azərbaycanlıların sayı artır. Belə qeydlər var ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda savaşan qazimiz Rusiyaya gedərək müqavilə əsasında işğalçı dövlətin ordusuna qoşulub və döyüşdə olüb.

Niyə belə hallar baş verir və bunun qarşısı necə alınmalıdır. Başqa ölkələrdə döyüşə gedən vətəndaşlar barədə hansı ölçü götürülə bilər?

Siyasi ekspert Azər Hüseynov Hafta.az-a bildirib ki, Rusiya–Ukrayna cəbhəsində Azərbaycan mənşəli şəxslərin sayının artması və onlar arasında itkilərin çoxalması bir sıra obyektiv və subyektiv səbəblərlə bağlıdır.

Onun fikrincə, Rusiya tərəfdə döyüşən azərbaycanlıların bir qismi həmin ölkənin vətəndaşlarıdır, digər qismi isə əmək miqrantı statusunda olub, müqavilə əsasında hərbi xidmətə cəlb edilən şəxslərdir:

“Bu tendensiyanın genişlənməsi müvafiq dövlət qurumlarının, xüsusilə də diaspor siyasətini tənzimləyən strukturların daimi diqqət mərkəzində olmalıdır. Xüsusilə Qarabağ müharibəsi qazilərinin bu cür münaqişə zonalarında iştirakı faktı mövcuddursa, bu məsələ ayrıca və dərindən araşdırılmalıdır. Bu şəxsləri belə bir müharibəyə qoşulmağa vadar edən sosial, psixoloji, siyasi və iqtisadi motivlər aydın şəkildə ortaya qoyulmalıdır. Məsələyə yalnız təhlükəsizlik prizmasından deyil, həm də sosial və reabilitasiya baxımından yanaşmaq vacibdir”.

A.Hüseynov hesab edir ki, aidiyyəti qurumların əsas vəzifəsi bu cür hallara səbəb olan amilləri vaxtında müəyyən etmək və onları sistemli şəkildə aradan qaldırmaqdan ibarət olmalıdır:

“Hər bir vəziyyətə fərdi yanaşma tətbiq edilməli, vətəndaşların xarici münaqişələrə cəlb olunmasının qarşısını alan preventiv mexanizmlər gücləndirilməlidir. Beləliklə, əsas prioritet Azərbaycan vətəndaşlarının hüquqlarının, təhlükəsizliyinin və sosial rifahının qorunması olmalıdır”.

Siyasi ekspert Elxan Şahinoğlu bildirib ki, Ukraynaya qarşı müharibə aparan Rusiyanın Ermənistandan fərqi yoxdur:

“Ermənistan da işğalçı idi, Rusiya da işğalçıdır. Belə çıxır ki, işğalçıya qarşı savaşan döyüşçümüz, bir başqa müharibədə işğalçıya qoşulub. Bunun vaxtilə Suriyada terrorçulara qoşularaq Azərbaycan qanunlarının pozulmasıyla heç bir fərqi yoxdur. Suriyadan geri qayıdan həmin şəxslər cinayət məsuliyyətinə cəlb olundular. Belələri cəzalandırılmırlarsa, Rusiya ordusuna qoşulan azərbaycanlıların sayı azalmayacaq. Kreml şirnikləndirici müqavilə təklifləriylə qeyri-rusları, o cümlədən azərbaycanlıları ölümə göndərməkdə davam edəcək. Rusiya vətəndaşı olan azərbaycanlının müqavilə əsasında Ukraynaya qarşı müharibədə iştirak etməsi onun öz işidir, halbuki, bu da doğru deyil. Bir də var ki, Rusiyada miqrant həyatı sürən azərbaycanlının işğalçı müharibədə iştirak etməsi. Ukrayna ordusunun əsir götürdüyü azərbaycanlılar barədə də məlumatlar artıb. Azərbaycanın müvafiq dövlət strukturları bu halların qarşısını almaq barədə düşünməlidir”.

Tahirə Qafarlı

Seçilən
62
hafta.az

1Mənbələr