AZ

Akademik: Rəqəmsal texnologiyaların sürətli inkişafı mühəndis biliklərinin yenilənməsini zəruri edir

Bakı, 15 dekabr, AZƏRTAC

IV Sənaye İnqilabı və süni intellekt texnologiyaları Azərbaycanın elmi və texnoloji inkişaf strategiyasının prioritetlərindən birinə çevrilib.

Bu barədə AZƏRTAC-a açıqlamasında AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev məlumat verib.

Alim hazırda dünyada gedən rəqəmsal transformasiyalar, qlobal proseslər və IV Sənaye İnqilabının yaratdığı reallıqlar, xüsusən də süni intellektin böyük sürətlə əksər sahələrə nüfuz etməsi nəticəsində mühəndislik peşəsinin əmək bazarında aparıcı mövqeyə yüksəldiyini deyib. Bildirib ki, cəmiyyətin idarə olunmasında və inkişafında rəqəmsal texnologiyaların rolunun artması yüksəkixtisaslı mühəndis kadrlarının hazırlanmasını zəruri edir.

Akademik bu gün mühəndisliyin yalnız texnoloji biliklər tələb edən sahələrlə məhdudlaşmadığını, yeni istiqamətlərin formalaşdığını qeyd edib: “Siyasi mühəndislik, maliyyə mühəndisliyi, dil mühəndisliyi və s. kimi peşələr artıq bu günün reallığıdır. Məhz buna görə mühəndislik XXI əsrin ən strateji peşələrindən birinə, sosial-iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilməkdədir”.

Müasir dövrdə məzun anlayışının əvvəlki illərdən köklü şəkildə fərqləndiyini söyləyən AMEA-nın vitse-prezidenti əmək bazarında mühəndislik peşələri üzrə biliklərin tədricən köhnəldiyini, sürətlə baş verən rəqəmsal transformasiyalar, yeni texnoloji çağırışlar fonunda dinamizm və davamlı olaraq yeni bilik və bacarıqların əldə olunmasını tələb etdiyini diqqətə çatdırıb.

Akademik Rasim Əliquliyev ali məktəblərdə fasiləsiz təhsil mexanizmlərinin işlənilməsinin, davamlı təhsil konsepsiyasının hazırlanmasının vacibliyindən də danışıb. Bildirib ki, məzunlar əmək bazarında yaranan yeni peşələrin tələblərinə cavab vermək, rəqabətə davam gətirə bilmək üçün daim yeni bilik və bacarıqları mənimsəməli, təhsil aldıqları universitetin professor-müəllim heyətilə əlaqələri itirməməlidir: “Bu proses müasir dövrün tələblərinə cavab verən intellektual insan resurslarının yetişdirilməsinə, universitetin təhsil mühitinin təkmilləşdirilməsinə və elmi potensialının inkişaf etdirilməsinə mühüm töhfə verəcək”.

 

Seçilən
62
azertag.az

1Mənbələr