AZ

Şərurlu İsfəndiyarla bağlı məhkəmə istintaqı yekunlaşdı

Şərurlu İsfəndiyarla bağlı məhkəmə istintaqı yekunlaşdı

“Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Emil Səməndərovun vəkili Asim Abbasov elektron qaydada təqdim etdiyi vəsatəti səsləndirib.

Vəkil bildirib ki, mütəxəssis rəyində yeyinti sözü qeyd edilsə də, bu anlayış Cinayət Məcəlləsinin müvafiq maddələrində əks olunsa da, iş üzrə tənqidi hal kimi qiymətləndirilməyib. Onun sözlərinə görə, təqdim edilən rəydə dələduzluq anlayışına toxunulmayıb və təhqiqat aparılmayıb.

Həmçinin vəkil qeyd edib ki, videoda müəyyən məbləğlər səsləndirilsə də, bununla bağlı rəydə heç bir qeyd yer almayıb.

Asim Abbasov əlavə edib ki, AMEA-nın Dilçilik İnstitutunun direktoru hazırda dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyev vəzifədə olan zaman təyin edilib. Bəzi media resurslarında Ramiz Mehdiyevlə İsfəndiyar Axundov arasında əlaqənin olması ilə bağlı yazıların dərc edildiyini bildirən vəkil bunu rəyin qərəzli olmasına əsas kimi göstərib və rəyin sübutlar siyahısından çıxarılmasını xahiş edib.

Müdafiə tərəfinin vəkili Ülvi Nəsibli isə İsfəndiyar Axundovun Ramiz Mehdiyevlə əlaqələndirilməsinə yumorla yanaşılmalı olduğunu bildirib.

Vəkil Şahbaz Kərimli sübutların mötəbər olmalı olduğunu vurğulayaraq Ramiz Mehdiyev və İsfəndiyar Axundov arasında hər hansı əlaqənin olmadığını deyib.

İsfəndiyar Axundov Ramiz Mehdiyevlə əlaqəsinin olmadığını bildirərək qeyd edib: “Bu işlə DTX məşğuldur. Lazımi şəxslərin qanuni cəzası veriləcək”.

Vəkil Asim Abbasov mətbuatda dərc edilən yazıların yeni olmadığını, 2020-ci ildə yayımlandığını və həmin vaxt Ramiz Mehdiyevin vəzifədə olduğunu xatırladıb.

O, həmçinin məhkəmə istintaqı zamanı tərəflər arasında danışıqlar və razılaşma ilə bağlı zənglərin olduğunu, bununla bağlı qeydlərin mövcudluğunu bildirib.

Məhkəmə rəyin sübutlar siyahısından çıxarılması ilə bağlı vəsatəti baxılmamış saxlayıb və ona yekun məhkəmə aktı çıxarılan zaman qiymət veriləcəyini açıqlayıb.

Həmçinin məhkəmə mütəxəssisin dindirilməsi ilə bağlı əvvəlki vəsatəti də təmin etməyib.

Daha sonra sənədlər tədqiq edilib və məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Emil Səməndərovun vəkili çıxış üçün vaxt istəyib. Növbəti məhkəmə prosesi 22 dekabr tarixinə təyin edilib.

Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Şikayəti “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərov qaldırıb.

Seçilən
76
13
afn.az

10Mənbələr