Qax, 15 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Qax və Naxçıvan Dövlət Kukla teatrları arasında imzalanmış memoranduma əsasən, Qax teatrı tezliklə Naxçıvana qastrol səfərinə yola düşəcək. Naxçıvan Dövlət Kukla Teatrının dəvəti ilə reallaşacaq səfər zamanı Qax teatrı dekabrın 21-də teatrsevərlərə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xeyir və Şər” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim edəcək. Qastrol səfəri teatrlar arasında əməkdaşlıq əlaqələrini daha da genişləndirmək məqsədi daşıyır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Kukla Teatrının baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanov məlumat verib.
Baş rejissorun quruluş verdiyi tamaşada Xeyir obrazını aktyor İlmar Abdullayev, Şər obrazını isə Araz Mehrablı canlandıracaqlar. Tamaşanın kuklalarla təqdim olunan hissəsində isə rolları aktyorlar Afət Yaqubova (Xeyir, qulluqçu), Azər Kərimov (Şər), həmçinin Aynurə Abbasova (şahzadə), Cəbrayıl Quluşov (dəvə) ifa edəcəklər. Tamaşanın rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı Yusif Abdurahmanovdur.