AZ

Bəşər Əsəd Moskvada belə yaşayır

Suriyada baş verən inqilab zamanı ailəsi ilə birlikdə tələsik ölkədən qaçan Ərəb Sosialist İntibah Partiyasının (BAAS) devrilmiş lideri Bəşər Əsəd Moskvada dəbdəbəli sürgün həyatı yaşayır.

“Cebheinfo.az” “The Guardian” qəzetinə istinadən xəbər verir ki, işsizlikdən özünə məşğuliyyət tapa bilməyən Əsəd yenidən tələbə olub.

“Həkim” titullu keçmiş diktator tibb fakültəsinə yenidən yazılıb, eyni zamanda rus dilini təkmilləşdirir.Ailə ilə əlaqəni saxlayan ailə dostunun sözlərinə görə, Əsəd rus dili üzərində çalışır və adı gizli saxlanılan bir universitetdə oftalmologiya (göz həkimliyi) dərsləri alır.

Əsədin dostu bildirib:

“Rusca öyrənir və göz həkimliyi biliklərini yeniləyir. Bu onun ehtirasıdır, pula ehtiyacı olmadığı açıqdır. Suriyada müharibə başlamazdan əvvəl belə Dəməşqdə müntəzəm olaraq göz həkimi kimi çalışırdı”.

Həmin mənbə Rusiyanın elit təbəqəsinin doktor Əsədə göz müayinəsi üçün müraciət edə biləcəyini də eyhamla qeyd edib.Suriyada devrildikdən bir il sonra Əsədin ailəsi Moskvada səssiz və təcrid olunmuş lüks həyat sürür.

Məsələdən xəbərdar olan iki mənbəyə görə, ailə Moskvanın ən nüfuzlu bölgələrindən biri olan Rublyovkada qala bilər. Rusiyanın ən elit təbəqəsinin yaşadığı, kənardan girişin məhdud olduğu bu yaşayış kompleksi yüksək məxfiliklə tanınır. Eyni ərazidə 2014-cü ildə Kiyevdən qaçan Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin yaşadığı da ehtimal olunur.

Ailənin maddi çətinlik çəkmədiyi bildirilir. 2011-ci ildə Əsəd rejiminin törətdiyi qırğınlardan sonra tətbiq edilən Qərb sanksiyaları, sərvətinin mühüm hissəsini Moskvaya köçürmüş Əsəd ailəsinə ciddi təsir göstərməyib.Bu rahat həyata baxmayaraq, Əsədin keçmiş çevrəsindən təcrid olunduğu qeyd edilir.

Ailə dostunun sözlərinə görə, onun xarici dünya ilə əlaqələri çox məhduddur. Yalnız saraydan olan bir neçə şəxslə görüşür. Bir vaxtlar Suriyada hər ay yeni kütləvi məzarlara səbəb olan Əsəd ailəsinin çevrəsinin indi xeyli daraldığı görünür.Kremlə yaxın mənbə isə bildirir ki, Əsəd Putin və Rusiya elitası üçün böyük ölçüdə əhəmiyyətini itirib.

Mənbə deyib: “Putin hakimiyyətini itirmiş liderlərə qarşı səbirli deyil. Əsəd artıq təsirli fiqur kimi qəbul edilmir, hətta axşam yeməyinə dəvət ediləcək maraqlı qonaq hesab olunmur”.Bundan başqa, Rusiya hakimiyyətinin Əsədin ictimai həyata çıxışını qadağan etdiyi də üzə çıxıb. Rusiyanın Suriyadakı səfiri Elbrus Kutraşev Əsədin media və siyasi fəaliyyətinə icazə verilmədiyini bildirmişdi.

Buna baxmayaraq, mənbələrə görə, Əsəd “öz hekayəsini” danışmaq istəyir. O, Rusiya mediası Russia Today və ABŞ-də məşhur olan sağçı bir podkast aparıcısı ilə müsahibələr təşkil edib, lakin mediaya çıxmaq üçün Rusiya rəsmilərinin təsdiqini gözləyir.

Seçilən
153
cebheinfo.az

1Mənbələr