AZ

"Dünya Türk Dili Ailəsi Günü” dil birliyinin qorunmasında mühüm əhəmiyyət kəsb edir


"Dünya Türk Dili Ailəsi Günü türk dillərinin zənginliyini, tarixi köklərini və mədəni birliyini vurğulayan əlamətdar gündür. 3 noyabr 2025-ci il tarixində Səmərqənd şəhərində keçirilmiş UNESCO-nun 43-cü Ümumi Konfransında rəsmi olaraq elan edilmiş “Dünya Türk Dili Ailəsi Günü” dil birliyinin qorunması, türk dilinin inkişaf etdirilməsi və beynəlxalq səviyyədə ümumişlək dilə çevrilməsində mühüm əhəmiyyət kəsb edir".

Bunları Newscenter.az-a "Təhsilə Dəstək və Maarifləndirmə" ictimai birliyinin sədr müavini, fəlsəfə doktoru Ruhiyyə Mehdiyeva səsləndirib. O deyib ki, Türk dilləri eyni dil ailəsinə mənsubdur və bu gün ortaq dil köklərinin, leksikanın və qrammatik xüsusiyyətlərin qorunmasına diqqət çəkir:

"Dünya Türk Dili Ailəsi Günü türk xalqlarının ədəbiyyatını, folklorunu, adət-ənənələrini və tarixi dəyərlərini tanıtmaq və gələcək nəsillərə ötürmək baxımından böyük əhəmiyyət daşıyır. Bu tarixi gün Türk xalqları arasında həmrəyliyin gücləndirilməsində də əhəmiyyətli rol oynayır".

Ruhiyyə Mehdiyeva deyib ki, bu gün müxtəlif ölkələrdə yaşayan türk xalqları arasında mədəni və mənəvi bağları möhkəmləndirir, qarşılıqlı anlayışı və əməkdaşlığı artırır:

"Eyni zamanda gənc nəslin dilə marağının artması, dilin zənginliyinin qorunmasına, onun unudulmamasına yol açır. Bir sözlə gənclərdə ana dilinə, Türk dilinə sevgi və hörmət formalaşdırılır".

Ruhiyyə Mehdiyeva qeyd edib ki, “Dünya Türk Dili Ailəsi Günü” Türk dillərinin beynəlxalq səviyyədə tanıdılması,
Dünya miqyasında türk dillərinin yayılması, öyrənilməsi və elmi tədqiqatların təşviqinə də geniş imkanlar açacaq.

Cavid
Seçilən
141
newscenter.az

1Mənbələr