On ildən artıqdır ki, Yeni il ərəfəsində paytaxtda keçirilən “Soyuq əllər, isti ürəklər” yarmarkası xoş mərama xidmət edir
Bakı, 15 dekabr, Nailə Həsənova, Orxan Kərimov (foto),AZƏRTAC
Qəlbə hərarət gətirən əlvan işıqlar, taxtadan kiçik evlər, isti şokoladın ətri, qaynadılmış şərab, qəlyanaltılar, daha nələr-nələr... Kiçikdən böyüyə hər kəsin həftəsonu ziyarət etdiyi məkanlardan biri Bakının mərkəzində - Nizami küçəsində təşkil olunan “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasıdır. Ənənəvi olaraq artıq 11-ci ildir təşkil edilən yarmarka on gündən artıqdır ki, açılıb.
AZƏRTAC-ın əməkdaşları olaraq “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında olduq və orada iştirak edənlərin təəssüratlarını öyrəndik.
Bu il ilk dəfə sirk tematikası ilə təqdim olunan yarmarkanın Fəvvarələr Meydanı tərəfindən girişində rəngarəng personajlar, canlı şoular, musiqi və özünəməxsus dekorlar harmoniyası diqqəti cəlb edir. Sehrli və sirli personajlara ən çox sevinən isə uşaqlardır. Yeni il mövzulu musiqilərin fonunda əylənən gənclər isti qidalardan dadmaq üçün səbirsizlənir, uzun növbələrdə şirin söhbətlər edirlər. İçəri daxil olan andan yüksək əhvali-ruhiyyənin müşahidə olunduğu yarmarkada alış-veriş etməyənlərin sevimli məşğuliyyəti isə şəkil çəkdirməkdir. Yarmarkada ləziz təamlardan dadan uşaqların rəngarəng görüntüləri də diqqətdən qaçmır. Sıxlıq və izdihamdan yorulanlar dincini almaq üçün oturacaqlarda əyləşsələr də, bu atmosferdə olmaqdan məmnunluqları üzlərindən oxunur.
Yarmarkada gəzişərkən diqqəti cəlb edən təamları dadmaqdan özümüzü saxlaya bilmədik. Öncə kartof çubuqlarının satıldığı stendə yaxınlaşdım. Xırçıltılı kartof çubuqlarının içi yumşaq, üzəri isə qızılı rəngdədir. Hər çubuq damaqda əriyərək yumşaq və təzə kartofun dadı və yüngül duz tamı hiss olunur. Yaxınlıqda diqqətimi Koreya mətbəxindən olan xəmir yemək olan mandu cəlb edir. Birinin dadına baxıram. Ət və tərəvəzlə örtülmüş incə xəmir sous və küncütlə harmoniya təşkil edib. İlk dişləmədə Asiyanın ədviyyatlı, ancaq acı olmayan dadı hiss olunur. Qonşu masada gənc yeniyetmə təəssüratlarını bölüşür. “Çox dadlı və fərqlidir, bayramın atmosferini dərhal hiss edirsən”,- deyə gülərək o əlavə edir.
Daha sonra türk mətbəxindən olan toyuqlu aşın dadına baxmaq istədim. Plov dən-dən, üzərində yumşaq toyuq ətləri ilə əlavə olunmuş turşularla fərqli bir dad yaradıb. Yaxınlıqda oturanlar da düyünün fərqli tərtibatda təqdimatının onlara əsl ev qonaqlıqlarının doğmalığını yaşatdığını qeyd edirdilər. “Hər dəfə ailəmizlə gəlirik, buradakı aş, sadəcə, əfsanədir”, - deyə ikiuşaqlı ana təəssüratlarını bölüşür.
Hər daddığım təam, qida təkcə doyumluluq gətirmirdi, həm də bayram əhvalını yaradırdı, insanı isidirdi. Yarmarkaya gələnlərin fikirləri isə bu hissi gücləndirirdi. Onlar atmosferin həzzini almaq, yaxın dostları ilə görüşmək və qarşıdan gələn Yeni il bayramının isti nəfəsini hiss etməyə çalışırlar.
Yarmarkada ilk dəfə keçən il iştirak etdiyini deyən yeniyetmə Özcan Öztürk fərqli təamların təqdim olunduğu stendlərin daha çox diqqətini cəlb etdiyini deyir: “Bu il fərqliliklər olaraq xoşuma gələn stendlər var. Daha çox insan var, həvəs var. Yeni stendlər açılıb, xeyriyyə işidirsə, davamlı olsa daha yaxşı olar. Stendlərin çoxalması yaxşıdır”.
Tələbə Nərmin Əliyeva yarmarka açılandan ilk dəfə həftə sonu yarmarkaya gələnlərdəndir: “Bişintilər, içkilər hər şey çox gözəldir. Xeyriyyə məqsədilə təşkil olunduğunu bilirəm. Həm şəkil çəkdirmək, əylənmək, ailə ilə vaxt keçirmək, həm də xeyriyyəçilik etmək. Burada aldığımız məhsulların pulu xeyriyyə üçün gedir”.
Ceyhun Kafii isə fikirlərini belə ifadə etdi: “Şəhərimiz çox gözəl, qonaqpərvərdir. Belə tədbirlərə çox sevinirəm. Camaat istirahət edir, vaxtını keçirir. Dövlətimiz bu şəraiti yaradır. Camaat da öz günlərini belə gözəl şəkildə keçirir”.
Paytaxt sakini Ülkər Bağırova hər il yarmarkaya gələnlərdəndir. Ona görə də fərqi aydın izah edir: “Bu il yarmarka digər illərə nisbətən daha maraqlıdır. Bu il ərazi də böyükdür, daha rahatdır, sıxlıq azdır. Seçim daha çoxdur. Əvvəlki illərə nisbətən bu il daha yaxşı təşkil olunub. Hədiyyəlik stendləri bəyəndim, özüm də bol hədiyyə ilə ayrıldım”.
Bakı sakini Yeganə Hacıyeva bu il yarmarkaya ilk dəfə gəldiyini dedi:”Yeni giriş etmişik, abu-hava qəşəngdir. Gəzək, ürəyimiz açılsın”.
Bu il yarmarkada qonaqlar üçün 60 böyük və 20 balaca dekorativ ev, 3 ədəd ikimərtəbəli restoran, xüsusi hazırlanmış oyun tuneli, “xoxan” labirinti, iki “photo booth”, müxtəlif tematik fotozonalar və sirk elementləri ilə zənginləşdirilmiş tamamilə yeni konstruksiyalarla yanaşı, eksklüziv əl işləri və suvenirlər əldə etmək, müxtəlif oyunlar oynamaq imkanı da yaradılıb. Satış stendlərinin qarşısında oyuncaq aldırmağa çalışan uşaq da, aldığı hədiyyəyə sevinən yeniyetmə də, canlı və səmimi şənlikdə iştirak edənlər də ən yaddaqalan anları bir-birləri ilə bölüşürlər. Bu il də xeyriyyə məqsədilə keçirilən yarmarka insanları qarşılıqlı yardım və mehribanlıq ideyası ətrafında birləşdirir.
Qeyd edək ki, 2013-cü ildən etibarən hər il “Nargis” Fondunun təşkilatçılığı ilə keçirilən "Soyuq əllər, isti ürək" yarmarkası çərçivəsində toplanan vəsait ənənəvi olaraq uşaqların müalicəsinə, aztəminatlı ailələrə yardıma və digər sosial layihələrə bağışlanır. Yarmarka sponsorlarının maliyyə dəstəyi və qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir. Xeyriyyə yarmarkasının qapıları 2026-cı il yanvarın 8-dək hər gün 11:00-dan 23:00-dək açıq olacaq.