SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) təşkilatçılığı ilə quyuların qazılması, tamamlanması və təmirinə dair forum keçirilib.
“Uğurlu tərəfdaşlıq keyfiyyətli quyular” devizi altında təşkil olunan forumda SOCAR və digər podratçı şirkətlərdən ümumilikdə 200 nəfərə yaxın nümayəndə iştirak edib.
Forumda SOCAR prezidentinin müşaviri Zaur Qəhrəmanov çıxış edərək qazma sahəsində həyata keçirilən işlər, strateji inkişaf istiqamətləri və onun gələcək perspektivləri diqqətə çatdırıb.
Təqdimatlar zamanı quyuların qazılması, tamamlanması və təmiri üzrə qısa və uzunmüddətli hədəflər, quyu təmiri əməliyyatlarının optimallaşdırılması, mövcud özüllərin yeni texnoloji qurğularla təchiz olunması, eləcə də 2026-cı il üçün gözləntilər müzakirə olunub.
Sessiyalar çərçivəsində, həmçinin dəyişikliklərin çevik idarə edilməsi, podratçı şirkətlərin SOCAR ilə birbaşa əməkdaşlıq mexanizmləri və qabaqcıl texnologiyaların tətbiqi ilə bağlı imkanlar nəzərdən keçirilib.
Forum panel müzakirələri ilə davam edib və müxtəlif mövzulara dair geniş fikir mübadiləsi aparılıb.
Orxan Vahidoğlu, “İki sahil”