Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.
Qeyd edilib ki, Prezident tərəfindən Milli Məclisə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir.
Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan Bakı Dövlət Universitetinin (BDU) Konstitusiya hüququ kafedrasının dosenti, Milli Məclisin sabiq üzvü Qulamhüseyn Əlibəyli bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktı həm sosial ədalətin təmin olunması, həm də cəza sisteminin humanistləşdirilməsi məqsədi daşıyır:
“Amnistiya yalnız azadlıqdan məhrum edilmiş şəxsləri əhatə etməyəcək, eyni zamanda qanunda xüsusi kateqoriyalara daxil edilən şəxslərin hüquqlarını da qoruyacaq. Ən geniş tətbiq sahəsi döyüş əməliyyatlarında iştirak etmiş, Vətən müharibəsi və 2023-cü il antiterror əməliyyatlarında xidmət göstərmiş şəxslərə aiddir. Eyni zamanda, əməliyyatlarda həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxınları da amnistiyanın hədəfindədir. Qadınlar, 60 yaşdan yuxarı şəxslər və cinayət törədərkən yetkinlik yaşına çatmayan şəxslər də xüsusi diqqətə alınacaq”.
Əlibəyli qeyd edib ki, az ağır və böyük ictimai təhlükə yaratmayan cinayətlərə görə məhkum olunmuş şəxslər ya cəza müddətindən azad ediləcək, ya da çəkilməmiş hissəsi yüngülləşdiriləcək:
“Amnistiya aktının əsas məqsədi yalnız cəzadan azad etmək deyil, eyni zamanda ailələrin sosial vəziyyətini yaxşılaşdırmaq, cəza sistemində ədalətli və balanslı yanaşmanı təmin etməkdir. Bu təşəbbüs həm də dövlətin ictimai sabitliyinin qorunmasına, vətəndaşlarla dövlət arasında etimadın gücləndirilməsinə xidmət edir və ölkədə hüquqi humanizm prinsiplərinin gücləndirilməsi baxımından əhəmiyyətlidir”.