Dünyanın ən sevilən film seriyalarından olan “Sürətli və qəzəbli” (“Fast & Furious”) seriyasının ulduz aktyorlarından və prodüserlərindən olan Vin Diesel, futbol dünyasının ən çox müzakirə olunan simalarından biri – Kriştiano Ronaldonun seriyaya qoşula biləcəyinə dair diqqətçəkən paylaşım edib.
"Cebheinfo.az" xəbər verir ki, Diesel “Instagram” hesabında Kriştiano Ronaldo ilə birlikdə çəkilmiş fotosunu paylaşaraq, portuqaliyalı ulduz üçün filmdə xüsusi bir rolun yazıldığını bildirib.
Diesel paylaşımında belə deyib: “Hamı Kriştiano Ronaldonun “Sürətli və qəzəbli” (“Fast & Furious”) seriyasında yer alacaqmı? deyə soruşurdu. Bunu deyə bilərəm, onun üçün bir rol yazdıq”.
Bu açıqlama, Ronaldonun seriyanın yeni filmində yer ala biləcəyi ilə bağlı iddiaları daha da gücləndirib. Lakin hazırkı mərhələdə ulduz futbolçunun 11-ci filmdə kamera qarşısına keçib-keçməyəcəyi rəsmi şəkildə təsdiqlənməyib.
Digər tərəfdən, seriyanın gələcəyi ilə bağlı təqvim də aydınlaşmağa başlayıb.Vin Diesel iyun ayında keçirilən “Fuel Fest” tədbirində etdiyi açıqlamada, “Sürətli və Qəzəbli” seriyasının final filminin 2027-ci ilin aprel ayında kinoteatrlarda nümayiş olunacağını bildirib.
Diesel “Universal Studios” ilə bu tarix üzərində üç əsas şərt daxilində razılığa gəldiklərini deyib.Bu şərtlər arasında: hekayənin yenidən Los-Ancelesdə keçməsi, avtomobil mədəniyyəti və küçə yarışlarına dönüş, Dominik Toretto və Brian O’Conner obrazlarının eyni hekayədə yenidən bir araya gətirilməsi yer alır. Diesel həmçinin, 2013-cü ildə vəfat edən Paul Valkerin canlandırdığı Brian O’Conner obrazının final filmində yenidən görünə biləcəyini də qeyd edib.
Qeyd edək ki, Paul Valkerın ölümündən sonra çəkilişləri yarımçıq qalan “Sürətli və qəzəbli 7”, CGI və vizual effektlər, eləcə də aktyorun qardaşları Cody və Caleb Valkerin dəstəyi ilə tamamlanmışdı.