AZ

"Uşağın sualını yersiz saymaq onun öyrənmə bacarıqlarını məhv edir"

“Uşağın verdiyi sualı yersiz saymaq onun öyrənmə bacarıqlarını məhv edir”. Metbuat.az xəbər verir ki, bunu Bakıda Elm və Təhsil Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə keçirilən “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda konfransda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu deyib. O bildirib ki, tədris proqramı müəllim üçün əsas çərçivə olsa da, uşağın verdiyi suallar spontan öyrənmə imkanları yaradır: “Siz proqramda nə varsa onu öyrədirsiniz. Spontan öyrənmə isə uşağın verdiyi sual ətrafında formalaşan fikirlərdir. Əgər müəllim uşağın sualını yersiz qəbul edərsə, onun öyrənmə bacarıqlarını məhv etmiş olar. Yaxşı müəllim isə bu suala düzgün reaksiya verərək uşağın öyrənmə potensialını inkişaf etdirər”. Vəfa Yaqublu qeyd edib ki, müəllimin yanaşması uşağın davranışlarının mahiyyətini anlamaqda həlledici rol oynayır: “Məsələn, uşaq xaç gəzdirirsə, müəllim ona ‘niyə bunu taxırsan?’ sualını verməklə və ardıcıl suallarla bu davranışın səbəbini araşdıra bilər. Adətən beşinci sualdan sonra məlum olur ki, uşaq hansısa hərəkətlə daxilindəki psixoloji və ya tipoloji problemi ört-basdır etməyə çalışır”. O vurğulayıb ki, dini tolerantlıq mövzusu geniş müzakirə olunsa da, əsas problem tolerantlığın olmaması deyil, dini xurafatın müxtəlif sahələrdə təsir göstərməsidir:

“Bizim üçün daha narahatedici məsələ xurafatın cəmiyyətə sirayət etməsidir. Çalışmalıyıq ki, dini xurafat deyil, elmi və sosioloji yanaşmalar formalaşdıraq. Uşaqlarda mollaların yaratdığı fikirlər deyil, din xadimlərinin sağlam və düzgün təəssüratları formalaşmalıdır”.

Seçilən
46
metbuat.az

1Mənbələr