AZ

İranın Araz çayı üzərində planı suyu götürmək istəyi Azərbaycanın su təhlükəsizliyinə ciddi təsir göstərə bilər

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkə daxilində baş verən quraqlıq səbəbindən İran hökuməti qonşu ölkələrdən su almağı planlaşdırır. Fars xəbər agentliyinin məlumatına görə, İranın Energetika naziri Abbas Əliabadi bildirib: "Əgər hər hansı bir ölkə bizə su satmaq istəyirsə, biz də alacağıq". Lakin İranın bir çox qonşuları, xüsusən də İraq, Əfqanıstan və Pakistanın sərhəd bölgələri də quraqlıq səbəbindən su çatışmazlığı yaşayır. Türkiyə Meteorologiya Baş İdarəsinin məlumatlarına görə, son 12 ay ərzində İranla sərhəd əyalətləri də daxil olmaqla, Türkiyənin böyük bir hissəsinə şiddətli və orta dərəcədə quraqlıq təsir edib.

Forbes jurnalında dərc olunmuş məqalədə Birləşmiş Millətlər Təşkilatının eksperti Kaveh Madani İranın quraqlıq problemində iqlim dəyişikliyi ilə yanaşı zəif idarəetmənin rolunu vurğulayaraq bildirib: "İndi müşahidə etdiyimiz şey artıq yalnız su böhranı deyil, su iflasıdır. Bu, uzun müddət ərzində təbiətin əvəz edə biləcəyindən daha çox su istehlak edən bir sistemin dağılmasıdır. Mənbə: DW Türkçe

Bizim su ehtiyatımız nə qədərdir?Qonşuya su satmaq ehtimalımız varmı?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına ekoloq Sadiq Həsənov bildirib ki, İranın əsas su mənbələri Araz və Karun çaylarıdır: “İranda su ehtiyatları kritik dərəcədə azdır. Son 50 ildə ölkə əhalisi demək olar ki, iki dəfədən çox artıb. 1950-ci ildə 16 milyon nəfər olan əhali, 1980-ci ildə 38 milyona, hazırda isə 92 milyon nəfərə çatıb. Proqnozlara görə, 2030-cu ildə bu rəqəm 100 milyonu keçəcək. Əhalinin 80%-nin şəhərlərdə yaşaması suya olan tələbatı daha da artırıb.

İran az su ehtiyatına malik ölkələr sırasındadır. 1980-ci illərdə adambaşına 3500 kubmetr su düşürdüsə, hazırda bu göstərici 1000-1100 kubmetr civarındadır. Ölkənin əsas su mənbələri Araz və Karun çaylarıdır – biri Xəzər dənizinə, digəri Fars körfəzinə axır. İranda su əsasən yağış suları hesabına toplanır və rezervlər yaradılmaqla istifadə olunur. Son günlərdə yağışlar su ehtiyatlarını nisbətən artırsa da, ümumi vəziyyət hələ də qeyri-qənaətbəxşdir. Bu səbəbdən İran su çatışmazlığını aradan qaldırmaq üçün qonşu ölkələrdən su almağı nəzərdən keçirir”.

Sadiq Həsənov

Sadiq Həsənov vurğulayıb ki, ölkənin su ehtiyatlarının təxminən 70%-i qonşu ölkələrdən gələn çay sularından asılıdır: “Azərbaycanda su ehtiyatları o qədər də böyük deyil. Hesablamalara görə ümumi ehtiyatlar 32 milyard kub metr təşkil etsə də, real rəqəmlər 12-13 milyard kub metr həddindədir. Bu ehtiyatların əsas hissəsi Kür və Araz çaylarının hövzəsində cəmlənib. Kiçik çaylarımız da mövcuddur, lakin onların təsiri məhduddur. Hazırda ölkənin su ehtiyatlarının təxminən 70%-i qonşu ölkələrdən gələn çay sularından asılıdır. Bu baxımdan Araz çayı xüsusi əhəmiyyət daşıyır, çünki İranla sərhəddən keçərək ölkəyə daxil olur.

Azərbaycanda adambaşına düşən su ehtiyatları 1000-1200 kub metr arasında dəyişir ki, bu da kifayət qədər aşağı göstəricidir. Həm yerüstü, həm də yeraltı su ehtiyatlarımız zamanla azalıb. Ümumilikdə, ölkə su resursları baxımından zəngin sayılmır. Bu mənada İranın Araz çayı üzərində planı – suyunu götürmək istəyi Azərbaycanın su təhlükəsizliyinə ciddi təsir göstərə bilər”.

Ekoloq qeyd edib ki, Araz çayının suyunun azalması Azərbaycanın cənub bölgəsində ciddi su çatışmazlığı deməkdir: “İranın digər qonşuları - Pakistan və Özbəkistan da su ehtiyatları baxımından zəngin ölkələr deyil. Məsələn, Özbəkistan su təminatını əsasən Amudərya çayından götürdüyü su hesabına təmin edir. Pakistan isə İranla həmsərhəd olan bölgələrdə yerləşən, əsasən quraqlıq iqlimə malik bir ölkədir. Bu baxımdan İranın verdiyi bəyanatda konkret olaraq hansı ölkənin hədəfləndiyi açıqlanmadığı üçün məsələ qeyri-müəyyən qalır. Lakin ehtimal olunur ki, İran burada Araz çayını nəzərdə tutur və bu çayın suyunun daha böyük hissəsini öz nəzarətinə götürmək niyyətindədir. Əgər belə bir addım atılarsa, Azərbaycanın bu məsələdə qəti mövqe ortaya qoyması vacibdir. Çünki Araz çayının suyunun azalması Azərbaycanın cənub bölgəsində ciddi su çatışmazlığına ciddi təsir göstərə bilər.

Digər qonşular - İraq və Türkiyəyə baxsaq, hər iki ölkədə də su ehtiyatlarının kifayət qədər olmadığını görərik. Türkiyədə adambaşına düşən su ehtiyatı təxminən 1500 kub metr təşkil edir, İraqda isə bu rəqəm 1000 kub metrdən də aşağıdır. Artıq nə İran, nə də Türkiyə İrana su ilə bağlı dəstək vermək imkanına malik deyil, çünki öz ehtiyaclarını belə qarşılamaları çətinləşib. Bu da  o deməkdir ki, hər hansı ölkə digərinə su vermək istəsə, bunu öz ehtiyatlarından kəsməli olacaq. Bu isə böyük həcmdə su itkisi deməkdir. Lakin İranın Araz çayını hədəfə alması düzgün yanaşma deyil, çünki Araz çayı Azərbaycan üçün strateji əhəmiyyətə malikdir. Baxmayaraq ki, İran çayın böyük hissəsini heç kimlə razılaşdırmadan istifadə edir, Araz çayı Azərbaycanın Kürdən sonra ikinci ən vacib su mənbəyidir və ölkənin su ehtiyatlarının əsasını təşkil edir. Bu səbəbdən də Araz çayı ilə bağlı heç bir güzəştdən söhbət gedə bilməz.

Digər alternativ mənbə - dəniz suyunun təmizlənərək istifadə olunmasıdır. Bu metod artıq dünyanın bir çox ölkələrində, xüsusilə İsrail və Ərəbistan yarımadasının bəzi ölkələrində geniş tətbiq olunur. İranda da Fars körfəzi mövcuddur və burada müvafiq texnoloji qurğular quraşdırmaqla dəniz suyunu təmizləyib texniki məqsədlər üçün, xüsusilə kənd təsərrüfatında istifadə etmək mümkündür.

Çünki İranda su ehtiyatlarının əsas istifadə sahəsi kənd təsərrüfatıdır -təxminən 80–85% su bu sektorda sərf olunur. Problem ondadır ki, bu sahədə ciddi su itkiləri mövcuddur. Çıxış yolu kimi, İran kənd təsərrüfatında su itkilərini minimuma endirərək, müasir su çiləmə üsulları kimi qənaətli suvarma sistemlərini tətbiq etməlidir. Bu metodu tətbiq etməklə daha az qənaətli su sistemi vasitəsi ilə kənd təsərrüfatını su ilə təmin edə bilər”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
icma.az

1Mənbələr