Dəmir çatışmazlığı anemiyasının qarşısının alınması üçün qida rasionuna mal və donuz qaraciyəri, dəniz məhsulları, paxlalılar, itburnu və xurmanın daxil edilməsi vacibdir.
Redaktor.az xəbər verir ki, bu gazeta.ru-ya danışan endokrinoloq məlumat verib.
Mütəxəssisin sözlərinə görə, dəmirdefisitli anemiya zamanı qan oksigeni lazımi səviyyədə daşıya bilmir və bu da tədricən insanın ümumi vəziyyətinə təsir edərək yuxululuq və halsızlıq yaradır. Həkim qeyd edib ki, dəmir çatışmazlığının səbəbləri çox vaxt fizioloji amillərlə bağlı olur. Reproduktiv yaşda olan qadınlarda ən çox rast gəlinən səbəb güclü menstrual qanaxmalardır.
Endokrinoloqun sözlərinə görə, digər pasiyent qruplarında isə dəmir çatışmazlığına mədə-bağırsaq sistemi xəstəlikləri səbəb ola bilər. Bu cür xəstəliklər mikroelementin normal mənimsənilməsinə mane olur. Bundan əlavə, mədənin bir hissəsinin çıxarılması kimi cərrahi əməliyyatlar da risk faktorları sırasındadır.
Həkim bildirib ki, qidalanma tərzi də orqanizmdə dəmir səviyyəsinə ciddi təsir göstərir. Xüsusilə heyvani zülaldan imtina edən insanlarda bu problem daha tez-tez müşahidə olunur. Çünki bitki mənşəli məhsullardan alınan dəmir qırmızı ətə nisbətən üç-beş dəfə daha zəif mənimsənilir.
“Ciddi veqan qidalanma zamanı paxlalılar, ispanaq və qarabaşaq kimi bitki mənşəli dəmir mənbələri mütləq C vitamini ilə zəngin məhsullarla birlikdə qəbul edilməlidir”, - deyə həkim tövsiyə edib.
Mütəxəssis xatırladıb ki, dəmir tərkibinə görə rekordçu məhsullar arasında donuz və mal qaraciyəri, mal dili, hinduşka əti, toyuq, donuz və dana əti, eləcə də balıq və krevetlər yer alır. Rasionu zənginləşdirmək üçün dənli bitkilər, paxlalılar və pomidor da faydalıdır. Dəmir mənbəyi olan digər bitki məhsulları sırasında itburnu, çiyələk, nar, xurma və alma xüsusi yer tutur.
Nuriyyə NATİQQIZI