Ötən il Hayat Təhrir əş-Şam Suriyada hakimiyyəti ələ keçirdikdən sonra, ailəsi ilə gizlicə Rusiyaya qaçan və hazırda Moskvada sürgün həyatı yaşayan Bəşər Əsədin yaşayışı ilə bağlı ailəyə yaxın bir mənbə açıqlamalar verib.
“The Guardian” qəzetinə danışan Əsəd ailəsinin bir dostu deyib ki, Bəşər oftalmologiya sahəsindəki biliklərini yeniləyir və rus dilini öyrənir. Londonda tibb təhsili alan Əsədin yeni müştərilərinin Rusiyanın varlı elitasından ola biləcəyi bildirilir: "Əlbəttə ki, onun pula ehtiyacı yoxdur, amma o, bu işə həvəslidir. Suriyada müharibə başlamazdan əvvəl o, Dəməşqdə oftalmologiya sahəsində çalışırdı".
Mənbə həmçinin ailənin təcrid olunduğunu, lakin dəbdəbəli bir həyat sürdüyünü bildirib.
Əsəd ailəsinin Moskvanın "varlı məhəlləsi" olan Rublyovkada yaşadığı iddia edilir. Ukraynanın ölkədən qaçan keçmiş prezidenti Viktor Yanukoviçin də eyni bölgədə yaşadığı bildirilib.
Əsəd ailəsinin Moskvadakı nüfuzlu rəsmilərlə əlaqə saxlamasının qadağan edildiyini deyən ailə dostu daha sonra bildirib: "O, çox sakit bir həyat sürür. Kənarla çox az əlaqəsi var. O, yalnız keçmişdə sarayında olan bir neçə nəfərlə - Mənsur Əzzam (keçmiş Prezident işləri naziri) və Yasir İbrahimlə (iş adamı) əlaqə saxlayır".
Kremlə yaxın bir mənbə isə bildirib ki, Putin hakimiyyətini itirən liderlərə dözümü çox azdır. Əsəd artıq nüfuzlu bir şəxs və ya yeməyə dəvət olunacaq maraqlı bir qonaq kimi görülmür.
Digər tərəfdən, Bəşər Əsədin Suriyada vətəndaş müharibəsi barədə öz fikirlərini açıqlamağa hazırlaşdığı, lakin Rusiya rəsmilərindən bununla bağlı icazə gözlədiyi iddia edilir.
Bəşir Əsədin üç uşağının Moskvada valideynləri ilə yaşadığı və ailə üzvlərinin Bəşər Əsəd olmadan 22 yaşlı Zeynəb Əsədin məzun olma mərasimində iştirak etdiyi bildirilir.
O da iddia olunur ki, Əsədin uşaqları tez-tez Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edir və anaları da ən azı bir dəfə onlarla bu ölkədə olub. Həmçinin iddia edilir ki, əvvəlcə BƏƏ-yə sığınmaq istəyən ailə ərəb ölkəsindən razılıq ala bilməyib.
TAHİR