AZ

NATO və Aİ-də fikir ayrılığı: Macarıstanın müharibəyə münasibəti böyük böhranın xəbərçisidirmi? – ÖZƏL

"Ukraynada müharibə başladığı vaxtdan etibarən Macarıstanın Rusiya-Ukrayna müharibəsinə münasibəti demək olar ki, həmişə fərqli olub".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, dəfələrlə Avropa İttifaqı tərəfindən Macarıstanın bu siyasətinə qarşı kəskin etirazlar, iradlar, hətta Budapeştin mövqeyinə yenidən baxması ilə bağlı müxtəlif çağırışlar səsləndirilib. Lakin bu müddət ərzində Macarıstanda hakimiyyətdə olan Orban hökuməti Rusiya-Ukrayna müharibəsinə münasibətdə sərgilədiyi prinsipial mövqedən geri çəkilməyib. Orban bu mövqeyini onunla əsaslandırır ki, Rusiyanın müharibəyə cəlb olunması o qədər də Moskvanın öz maraqlarından irəli gəlmir. Əksinə, Avropalı müttəfiqlər və NATO, eləcə də Avropa İttifaqının digər üzvləri Rusiyanı sərt qərarlar qəbul etməyə, radikal addımlar atmağa təşviq edirlər.

"Bu məsələdə hansı tərəfin daha haqlı, hansının daha haqsız olduğunu müəyyənləşdirmək çətindir. Bunu Macarıstanın dövlət maraqları prizmasından çıxış edən Orbanın siyasi seçimi kimi qəbul etməklə yanaşı, hadisə və proseslərin gedişinə baxdıqda görürük ki, əslində Rusiya müharibəyə açıq şəkildə təşviq edilmir. Əksinə, Rusiya yeni müharibənin başlanması üçün özü ciddi səbəblər formalaşdırır. İstər Ukraynanın suveren hüquqlarına müdaxilə edərək ərazisinin təxminən 20 faizinin işğal edilməsi faktı olsun, istərsə də digər Avropa ölkələrinə qarşı Rusiyanın sərgilədiyi mövqe, NATO-nun şərqə doğru genişlənmə siyasətinə Moskvanın birmənalı və kəskin etirazı bu qarşıdurmanı qaçılmaz edir. Bu siyasət eyni zamanda NATO-ya qoşulmuş Şərqi Avropa ölkələrinin suveren hüquqlarına da dolayısı ilə təzyiq kimi qiymətləndirilə bilər. Bu baxımdan Polşa rəsmilərinin mövqeyi daha məntiqli və reallığa yaxın görünür: əgər Rusiya müharibə istəməzsə, Avropa İttifaqı ilə Rusiya arasında genişmiqyaslı qarşıdurma baş verməz. Lakin Ukraynaya münasibətdə və digər Avropa ölkələri ilə əlaqələrdə Rusiyanın nümayiş etdirdiyi siyasi ambisiyalar istər-istəməz NATO ilə Rusiya arasında qarşıdurmanı qaçılmaz edir," - deyə ekspert əlavə edib.

T. Əliyev qeyd edib ki, iki NATO üzvü və eyni zamanda Avropa İttifaqının üzvü olan ölkələrin bu cür fərqli mövqelərdən çıxış etməsi şübhəsiz ki, bu gün həm Avropa İttifaqının, həm də NATO-nun müəyyən böhran mərhələsinə qədəm qoyduğunu göstərir. Burada söhbət ABŞ ilə avropalı müttəfiqlər arasında yaranan fikir ayrılıqlarından gedir. Bu proseslər istər-istəməz Avropa qitəsinin kiçik ölkələrinə daha çox təsir göstərir. Xüsusilə Rusiya ilə münasibətlərdə kollektiv yanaşma əvəzinə ayrı-ayrı ölkələrin öz milli maraqlarını ön plana çəkməsi NATO daxilində fikir ayrılıqlarını daha da dərinləşdirir. 

Bu vəziyyət gələcəkdə ciddi böhrana səbəb ola bilərmi? 

Nəzəri baxımdan bu mümkündür. Lakin praktik baxımdan Macarıstanın atdığı bu cür addımlar Qərbin Rusiyaya qarşı mövqeyini tamamilə zəiflətməyəcək.
Əksinə, Böyük Britaniya, Fransa, Almaniya və Polşanın öncüllüyü ilə formalaşan anti-Rusiya koalisiyası digər Avropa ölkələrini də Rusiyaya qarşı daha sıx şəkildə öz ətrafında birləşdirə bilər.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
47
olaylar.az

1Mənbələr